Bakı Mühəndisliyi Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Park İİN oteldə keçirilən konfrans Azərbaycan, türk, ingilis və rus dillərində aparılıb.
“Qafqazinfo” xəbər verir ki, konfransa “Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti”, “Turizm bazarı: müasir vəziyyət, problemləri və inkişaf perspektivləri”, “Turizm sahəsi üçün kadr hazırlığı dilləri: Turizmdə informasiya texnologiyalarının tətbiqi dilləri”, “Turizm və hotel təsərrüfatı”, “Turizm biznesinin təşkili və idarə edilməsi”, “Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi”, “Turizmin inkişafında dövlət və yerli özünü idarəetmə orqanlarının rolu”, “Turizm sektorunun maliyyə aspektləri” və s. mövzularda 80 məqalə qəbul olunub.
Açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Ulu öndərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsində və hərtərəfli inkişafında olan müstəsna xidmətləri barədə ətraflı məlumat verib, Onun Azərbaycan elminin və təhsilinin inkişafına olan töhvələrini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün də ölkə başçısı İlham Əliyev Ulu öndərin siyasətini uğurla davam etdirir. Artıq ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərdə təmsil olunur və aparılan islahatlar sayəsində xalqımızın rifah halı və təhsil səviyyəsi günü-gündən yüksəlir.
Konfransın işinə uğurlar arzulayan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Ulu öndərin sovet ittifaqı və müstəqillik dövründə təhsilin və yerli kadrların hazırlanması istiqamətində gördüyü işləri diqqətə çatdırıb, yerli universitetlərin birgə təşkil etdikləri konfransların elmin və universitetlərin inkişafına verəcəyi töhvələr barədə tədbir iştirakçılarına məlumat verib.
Son xəbərlər
Son Xəbərlər