“Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir”

“Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir”
Oxunma sayı: 628

"Dövlətlər çox olduğu kimi, dövlət başçıları da çoxdur. Amma bu reallığı etiraf edək ki, hər bir dövlətə onun bugününü və gələcəyini düşünən lider nəsib olmur. Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası, ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayak rolunu oynayır. Məhz qurulan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqı kimi tanınır və nüfuz qazanır. Bütün bu uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.”

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərdən bəhs edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir. Çünki Azərbaycanımızın bugünkü uğurlarından fəxrlə bəhs etməyimiz bizləri daim müstəqillik yolumuzun heç də hamar olmadığını, ölkəmizin 1991-ci ildən 1993-cü ilin iyununadək təlatümlü bir dövr yaşadığını xatırlamağa sövq edir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaq cəhdləri Azərbaycanın müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra problemlərin aradan qaldırılması, Azərbaycanın bir müstəqil dövlət kimi özünü dünyaya təqdim etməsi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması, demokratik dövlət quruculuğu yolunda biri-birindən önəmli addımların atılması, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün geniş imkanların yaradılması və s. kimi uğurlarımızın əsasında Ümummilli Liderin ölkədə sabitliyi təmin etməsi dayanır. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramın həyata keçirilməsi qeyri-mümkündür. Məhz sabitliyin yaradılması ilə Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə beynəlxalq əməkdaşlığın qurulmasına, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasının qoyulmasına geniş yol açan “Əsrin müqaviləsi” imzalandı. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyev neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın iqtisadi inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

“Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar, genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla yanaşı, ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Azərbaycanın bu gün səsinin bir çox beynəlxalq təşkilatların tribunasından eşidilməsi, diplomatik uğurları düzgün qurulan təmələ söykənir» söyləyən V.Rəhimzadə bildirib ki, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il noyabr 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı.

V.Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində daha da zənginləşir:

“Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli uğurlara imza atırlar. Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsilə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fondu ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond Azərbaycan mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyasının formalaşdırılmasında, mədəniyyətlərarası dialoqun təşkili və inkişafında, mühüm sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir.”

Baş redaktor onu da xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik:

“Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, eyni zamanda, ölkənin nailiyyətələrinə özünün sanballı töhfələrini verir. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, siyasi çəkisinin, nüfuzunun artması, ölkədə keçirilən seçkilərdə inamlı qələbə qazanması xalqın Heydər Əliyev ideyalarına sədaqətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətinə inamın, partiyaya dəstəyin göstəricisidir. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi, dekabrın 2-də Milli Məclisin plenar iclasında bu məsələyə baxılaraq, dövlətimizin başçısı İlham Əliyevə müraciət göndərilməsi, həmçinin ölkə Prezidenti tərəfindən bu mühüm addımın qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi və ona müsbət cavabın əsasında cənab İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli «Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında» Sərəncamı bir daha bu reallığı təsdiqlədi ki, “Güclü dövlət, yüksək rifah” Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas prinsipidir. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər məhz bu məqsədə xidmət edir. Xalqımız tam əmindir ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının istər 23 dekabr bələdiyyə, istərsə də gəlin il fevralın 9-da keçiriləcək parlament seçkilərində qələbəsi şəksizdir. Bu qələbələr yeni-yeni hədəflərə yol açmaqla yanaşı, Azərbaycanın tarixinə yazılacaq növbəti uğur səhifələrinin sayını daha da artıracaq.

V.Rəhimzadə bildirib ki, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi üçün Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməliyik. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi