Heydər Məmmədov: “Bu prezidentin müstəsna qayğısının nəticəsidir”

heyder-memmedov-bu-prezidentin-mustesna-qaygisinin-neticesidir
Oxunma sayı: 2930

Qəbələ Rayon Prokurorluğunun inzibati binasının açılışı Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna qayğısının nəticəsidir.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov Qəbələdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tədbirlərin keçirilməsi bundan sonra da davam edəcək. “Qəbələ Rayon Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eyni zamanda, 15 iyun - Milli Qurtuluş Günü ərəfəsinə təsadüf edir.

Binanın texniki xarakteristikası ilə bağlı Baş prokurorun müavini bildirib ki, ikimərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və informasiya kommunikasiya sistemləri ilə təchiz olunub. Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya Sisteminin quraşdırılması təmin edilib. Bunun üçün bina ən müasir rəqəmsal avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki cihazlarla təchiz olunub. Eyni zamanda, vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələlxüsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılıb. Bundan başqa, əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalistik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, hətta idman zalı da istifadəyə verilib.