“Heyran qalacaqsınız”- - Mehriban Əliyeva + Fotolar

heyran-qalacaqsiniz-
Oxunma sayı: 4409


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak edib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının iclasının əhəmiyyətini vurğulayıb. 

Mehriban Əliyeva deyib ki, bu Oyunlar Avropa idmanında tarixi hadisə olacaq:

“Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik.

Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, bir çox məkanlarımız hazırdır və Oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil olunur. İyunda Oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq tədbirlərimiz mart və aprel aylarında baş tutacaq. Fevralın sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa çatdırmaq niyyətindəyik. Bu, bizə aprel ayında lazımi quraşdırma işləri aparmaq üçün kifayət qədər vaxt verəcək. Müqavilələrimizin 84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün məkanlara baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir”.

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirdi ki, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq: “İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən indiyədək 16 mindən artıq müraciət daxil olub”.

Tədbirdə “Bakı-2015”-ə hazırlıqla bağlı videoçarx nümayiş olunub.