Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!

hidayet-heyderov-tarix-yazdi
Oxunma sayı: 5534

Mayın 20-də Abu-Dabi şəhərində keçirilən cüdo üzrə Dünya çempionatında 73 kq çəki dərəcəsində Dünya reytinqində ilk pillədə qərarlaşan cüdoçumuz Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb.

“Qafqazinfo” xəbər verir ki, sonuncu dəfə bu titulu 2013-cü ildə Braziliyada keçirilən Dünya çempionatında Elxan Məmmədov əldə edib.

Çempionat boyu Heydərov gərgin mübarizədə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda o, hazırkı Asiya çempionu Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib.

Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib və Azərbaycan bayrağını dalğalandırıb. İlk dəfə Dünya çempionatında finalda mübarizə aparan Heydərov bundan əvvəl bu turnirdə üç bürünc medal qazanıb.

Bundan əlavə, bu il o, Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə Avropa çempionu titulunu təmin edib.

Belə ki, o, artıq həm Dünya, həm də Avropa çempionu kimi 2024 Paris Yay Olimpiya Oyunlarını fəth etməyə hazırdır. Xalqımızı Dünya çempionatındakı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirik! İdmançımıza Olimpiya səyahətində uğurlar arzulayırıq!