Hidayət Orucov ərəblərlə görüşüb

hidayet-orucov-ereblerle-gorusub
Oxunma sayı: 664

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazir müavini Əbdüləziz ibn Abdullah əl-Əmmar səmimi qəbul üçün minnətdarlığını bildirərək, ölkəsi ilə Azərbaycan arasında dost və qardaş münasibətlərin olmasından məmnunluğunu ifadə etdi. Dövlət Komitəsinin sədri Hidayət Orucovun 2010-cu ildə Səudiyyə Ərəbistanına səfərini xatırladan Əbdüləziz ibn Abdullah əl-Əmmar səfər çərçivəsində İslam işləri, vəqflər, dəvət və irşad işləri naziri Şeyx Saleh ibn Əbdüləziz ilə keçirilən görüşdən sonra ölkələrimiz arasında əlaqələrdə yeni səhifənin açıldığını vurğuladı: “Həmin görüşünüzdən sonra biz bir daha əmin olduq ki, fikirlərimiz üst-üstə düşür və Azərbaycanla bir sıra ortaq layihələr həyata keçirə, əməkdaşlığımızı daha da genişləndirə bilərik. Bu gün dünyada gedən proseslər münasibətlərimizin daha sıx və daha möhkəm olmasını, bir növ, zəruriyyətə çevirmişdir”.

Səudiyyə Ərəbistanının bütün dövlətlərin daxili və xarici siyasətlərinə hörmətlə yanaşdığını dilə gətirən nazir müavini ölkəsinin irq, din və məzhəb ayrı-seçkiliyini qəbul etmədiyini bildirdi: “Bu gün bütün dünyada yeni-yeni zərərli ideologiyalar, cərəyanlar yaranmaqdadır və biz çalışmalıyıq ki, maarifləndirmə işi aparmaqla insanlarımızı, xüsusilə də gənclərimizi bu zərərlərdən qoruyaq. Terrorçuluqla mübarizədə zəngin təcrübəyə malik ölkə kimi Səudiyyə Ərəbistanı hesab edir ki, ektremizm və radikalizmin qarşısını almağın ən düzgün yolu maarifləndirməkdir. Məsələn, imamlarımızla söhbətlər zamanı deyirik ki, moizələrdə məzhəblərarası ixtilafa səbəb olan məsələlər haqqında danışılmasın. Bunu etməkdə məqsədimiz İslamı parçalayan fikirləri bir kənara qoyaraq, ümumi vəhdətə nail olmaqdır”. Nazir müavini vurğuladı ki, İslam daxilində münaqişələrin baş qaldırmasının əsas səbəbi tərəflərin hər birinin özünü haqlı, qarşı tərəfi isə “dindən çıxmışlar” kimi qəbul etməsidir. Halbuki, Kəbəni qiblə bilən, Allahın təkliyini tanıyan insanı qeyri-müsəlman adlandırmaq doğru deyil. Bu, İslamın əsas prinsiplərindəndir.

Hidayət Orucov isə qeyd etdi ki, İslam dünyasında bu gün birliyə daha çox ehtiyac var. Çünki İslamın əleyhinə çıxan, onu təftiş edən qruplar vardır. Ümumi birliyə nail olaraq mövcud problemlərin həlli ilə özümüz məşğul olmalıyıq ki, həm belə “təftişçilər”ə fakt verilməsin, həm də İslama münasibətdə fərqli standart tətbiq edənlərə qarşı həmrəylik göstərilsin.

Hidayət Orucov torpaqlarımızın iyirmi ildir ermənilərin işğalı altında olduğunu, BMT Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin hələ də icra edilməməsini təəssüf hissi ilə xatırladaraq dedi: “Ermənilər işğal etdikləri ərazilərimizdəki türbələri, məscidləri, ümumiyyətlə, İslam dininə aid bütün məbədləri vandallıqla dağıtmışlar. Ən qəribəsi odur ki, bu erməni vəhşiliyi XX əsrin sonu-XXI əsrin əvvəllərində, sivilizasiyadan, ədalətdən danışan ölkələrin gözləri qarşısında baş verir və işğalçını hələ də öz adı ilə çağırmırlar”.