Hippokratın Azərbaycan modeli

hippokratin-azerbaycan-modeli-
Oxunma sayı: 1257


Xəbər oxuyan adamların bu qadınla bağlı az-çox məlumatı var. Onun içəridə keçirdiyi bir ayda başına gələnlərlə bağlı söylədikləri dəhşətlidir. İnsanın istər-istəməz polis şöbələrində çalışanlara qarşı qəzəbi yaranır. 

Açığı, ölkədə baş verən hadisələr, sadə insanlara qarşı edilən haqsızlıqlar o səviyyədədir ki, heç nəyə təəccüblənə bilmirsən. Ümumiyyətlə, Azərbaycan vətəndaşı təəccüb hissini itirməyə başlayıb. 

Bununla belə, Kəmalə xanımın həkimlərlə bağlı danışdığı hadisə məndə dərin kədər yaratdı. Təsəvvür edin, həkim döyülməkdən bihal olmuş qadının üstünə gəlir, iynə vurur, amma sənədləşmədə başqa dərmanların adını yazır. Çünki bilir ki, sabah Kəmalə xanım haqqını qorumaq üçün məhkəməyə üz tutanda fakt kimi həmin sənədi tələb edəcək. 

Kəmalə Bənənyarlı həkimə “axı siz Hippokrat andı içmisiz, niyə vurduğunuz iynələrin adını düz yazmırsız?” - deyib. Həkimsə cavabında “mən Hippokrat andını sizə görə içməmişəm”- söyləyib. 

Təbii, o həkimin kim olduğunu, belə bir fikri niyə söylədiyini, ümumiyyətlə, söyləyib-söyləmədiyini bilmirəm. Amma heç Kəmalə xanıma da inanmamaq kimi bir haqqım yoxdu. 

Məni incidən insanların haqqı deməkdən çəkinməsi, hətta öz vəzifəsini belə yerinə yetirərkən saxtakarlığa əl atması, şəxsi mənafeyini ədalətdən üstün tutması, vicdansızlığıdır.  

Sonra da deyirik ki, niyə xəstələr müalicə üçün xaricə üz tutur? Axı önəmli olan həm də inamdı. Əgər sən xəstənin inamını qazana bilmirsənsə, savadının aşıb-daşması boş şeydi. İnamı qazanmaq üçünsə öncə vicdanının olması gərəkdir. 

Həkim Hippokrat andını həm də xəstəsini inandırmaq üçün içir, bu andla tərəfsiz olacağına, lap düşməni olsa belə yardım edəcəyinə söz verir. 

Bu dediklərin normal ölkələrdə, normal cəmiyyətlərdə olur. Bizdə isə daha çox yalançılar and içir. Heç atasının goruna and içənlər sözünü tutmur, o ki qalsın eramızdan əvvəl yaşamış yunan həkiminin andı olsun. Bəlkə də həkimlərin çoxu heç onun kim olduğunu da bilmir. Pul hesabına diplom qazanmağı ayıb bilməyənlər üçün hansısa anda qarşı çıxmaq nədir ki?

Reallıqdır, amma çox kədərlidir. Biz bu yolla hara gedirik?