Hiss edirəm ki, Allah bizi görür

hiss-edirem-ki-allah-bizi-gorur
Oxunma sayı: 3913

Qismət 

(Qızım Dəfnəyə və bütün balalara) 

Yaşamaq dediyimiz bu möhtəşəm və hüzünlü ziyafət misafir günləri qapıyacan ötürüb “sabah da gəlin” deməklə keçir. Böyük ingilis şairi Filip Larkinin amansız misralarında dediyi kimi: “Ömür – saç, maraq və təşəbbüs itkisi.” 

Şəhərin sükutu əzbərləyən yekə bir ağız olduğu, bir qoca kaftarına nəvəsi yaşda qıza “dəyər” konfetləri təklif etdiyi günlərdə, qəzəbli bir “s” hərfindən burulub söyüş küçələrinə dönmək istəyirəm ki, gözüm qızımın dodağında tumurcuqlanan xırda bir gülüşə sataşır. Bax, onda, dünyanın bütün mayakları zülmətdə üzən gəmilərin yoluna işıq salır, göz vurur. 

Onun gülüşü çox şeydən qidalanır: yem daşıyan qarışqalardan, öz quyruğunu yalayan pişiklərdən, babasının saqqalından, anasının rəqs etməyindən, atasının atılıb-düşməyindən...

Amma bir də görürsən, bu qosqoca dünyanı balaca evciyindəki bir-iki oyuncaqla doldurur; o anlarda öz dünyasından başqa heç nəyə diqqət kəsilmir, onda elə bil ki, ev bir türbə səssizliyinə bürünür, onda elə bil ki, gülüşünü də hardasa gizlədir...

Sonra birdən, ən gözlənilməz anda, yeriməyi təzə öyrənmiş bir gülüşlə qaçıb qucağıma çıxır, alnımın hansı qırışında, üzümün-gözümün hansı bilinməzliyində, ürəyimin hansı qatında bir narahatlıq kölgəsi, sıxıntı qaraltısı varsa, hamısını bir-bir gülüşüylə pozub ağ günə çıxardır.

O güləndə yazdığım şeirlərin, oxuduğum kitabların, yuxusuz gecələr hesabına başa gələn tərcümələrin, mühazirələrin bir mənası olur. 

O güləndə ədəbiyyatçı ömrümdən utanmıram.            

Bəzən başını arxaya atıb, üzünü göylərə çevirib gücsüz dişlərini səmanın maviliyinə batıra-batıra gülür. 

Onda hiss edirəm ki, dünyanın bütün rəngləri kəpənək-kəpənək geri qayıdır; 

Onda hiss edirəm ki, sülh sözü göyərçin qanadlarında böyüyür;

Onda hiss edirəm ki, Allah bizi görür.