Hökumət bankları xilas edə biləcəkmi?

hokumet-banklari-xilas-ede-bilecekmi
Oxunma sayı: 2253

Hökumət mövcud böhranlı vəziyyətdən çıxmaq üçün tədbirlər planı hazırlayıb. Bu çərçivədə bir sıra qanunvericilik dəyişikllikəri nəzərdə tutulub. Belə ki, bank sektoruna təsir göstərəcək iki mühüm dəyişiklik hazırda müzakirə olunmaqdadır. Onlardan biri "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi, digəri isə Vergilər Məcəlləsində depozitlərdən tutulan gəlir vergisinin ləğvidir.

Qanunda deyilir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi (12 faizədək) həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır.

Bundan əlavə, ötən il yanvarın 1-də fiziki şəxslərin banklardakı əmanətlərinin 500 manatdan yuxarı hissəsinə gəlir vergisi tətbiq edilmişdir. Əgər parlamentdən qəbul olunarsa, artıq bu ildən ləğv ediləcək.

Bu dəyişikliklər bank sektorunun hazırkı çətin vəziyyətinə kömək edə biləcəkmi?

“Qafqazinfo” xəbər verir ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a bildirib ki, bu gün ölkənin maliyyə sisteminin dayanıqlığı təhlükə altına düşüb: "Bu dayanıqlığı yerindən tərpədən amil bank sektorudur, milli valyutadır. Bunlar, əslində, bir-birinə bağlı məsələlərdir. Əhalinin milli valyutaya inamını qazanmaq üçün uzun illər sərf olunub. İndi isə əhalinin bu valyutaya olan inamı itib. Banklara qarşı inamın azalması prosesi gedir. Bu proses özünü onda göstərir ki, əhali banklardan əmanətlərini kütləvi şəkildə geri çəkirlər. Bir qismi manatla olan əmanətlərini dollarlaşdırdılar, digər qismi isə, ümumiyyətlə, vəsaitlərini geri tələb edirlər. Hazırda bank sektoru 90-cı illərdən sonra özünün ən çətin dövrlərini yaşayır. Bəzi kredit təşkilatları ölümlə-qalım arasındadır".

İqtisadçı deyir ki, ölkə banklarında vəziyyət əmanət bazarından çox asılıdır: "Əmanətlər bankların əsas maliyyə mənbəyidir. Kredit portfelinin təxminən yarısı əmanətlər hesabına formalaşır. Əgər əmanətlərlə bağlı problem yaşanırsa, bu, bank sektoru üçün çox böyük təhlükə deməkdir. Bu baxımdan sabitliyin yaradılması üçün hökumət bir addım atmalı idi.

Əslində, hökumətin bu məsələdə fokusu düzgündür. Əmanətlərin sığortalanması mexanizmi, ümumiyyətlə, bazarın tələblərinə cavab vermirdi. Bağlanan bir neçə bank əmanətləri qaytarmaqda çətinliklər çəkirdi. İnsanlar müraciət etsə də, pullarını ala bilmirdilər. Nə də bankı bağlamırdılar ki, sığorta haqqını ala bilsinlər. Bu, əmanətlərin sığortalanması sisteminin çatışmazlıqlarından irəli gəlirdi".

S.Əliyevə görə, digər bir çatışmazlıq isə məbləğlə bağlı idi: "Kompensasiya olunan hədd 30 min manat idi. Ola bilsin ki, devalvasiyaya qədər MDB ölkələri arasında bu, ən yüksək hədd hesab olunurdu.

Baxmayaraq ki, Azərbaycanda vəsaitləri sığortalanan əmanətçilərin sayı 90 faizi təşkil edir. Amma kompensasiya olunan əmanətlər 30 faiz ətrafındadır. Yerdə qalan əmanətlər isə taleyi sual altında qalır. Ona görə də bu sahədə dəyişikliyin edilməsi vacib məsələlərdən birinə çevrilib. Parlamentə təqdim edilən qanun layihəsinə görə, bundan sonra 3 il müddətinə əmanətlərın hamısı sığortalanacaq".

İqtisadçı hesab edir ki,manatla qoyulan əmanətlərin sığorta faizləri artmalı, dollarla qoyulan əmanətlərdə isə azaldılmalıdır: "Hazırda bu rəqəm 12 faiz təşkil edir. Manat əmanətləri üzrə sığortalanma faizini 15 faizə, xarici valyutada olan əmanətlərin sığorta faizini isə 6 faizə endirmək olar".

Ekspert hesab edir ki, vergi güzəştinin tətbiqi artıq bank sektoruna çox da ciddi təsir göstərməyəcək: "Əsas təsir əmanətlərin təhlükəsizliyi məsələsidir. Burada faiz dərəcəsi 12-dək olan əmanətlərin hamısının tam sığortalanması ilə bağlı qanun layihəsi hazırdır. Orada bir nüans da var ki, vətəndaşın əmanəti 12 faizdən yuxarıdırsa, müqavilə şərtlərini yenidən dəyişib, faiz dərəcəsini aşağı sala bilər”.