Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhəri ilə Azərbaycanın Füzuli rayonunun Horadiz şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer imzalanma mərasimində çıxış edərək, Horadiz və Alkirch şəhərlərini birləşdirən ümumi amillərdən, onların oxşar tarixindən, qonşu ölkələr tərəfindən qeyri-qanuni işğalından danışıb.
Fransalı deputat bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon, o cümlədən Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. O qeyd edib ki, alzaslılar bunu çox yaxşı anlayırlar, çünki Alzas regionu da vaxtilə analoji işğala məruz qalıb.
Sonda Jean-Luc Reitzer rəhbərlik etdiyi Altkirch şəhərinin Horadiz şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalamasından qürur duyduğunu deyib, bu mühüm sənədin imzalanmasının Azərbaycanla Fransa arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın təzahürü oluğunu və bundan sonra bu şəhərlərin dostluq və qardaşlıq ruhunda sıx əməkdaşlıq edərək iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəklərini bəyan edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Əliyev çıxış edərək, Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, xüsusi qarşılanma mərasiminə, Altkirch şəhərinin meri Jean-Luk Reitzerin obyektiv və ədalətli çıxışına görə təşəkkür edib.
Alı Əliyev ölkəmizin 20 faiz ərazisinin, o cümlədən tarixi Dağlıq Qarabağ regionumuzun Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycana, o cümlədən Füzuli rayonuna dəymiş zərər, 1 milyon qaçqın və məcburi köçkün haqqında ətraflı məlumat verib. Hər iki şəhər mədəniyyət, idman, iqtisadiyyat, turizm və digər sahələrində sıx əməkdaşlıq edəcəklər.
Altkirch şəhərinin meri Jean-Luc Reitzer və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Əliyev iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.
Son xəbərlər
Son Xəbərlər