Horadizdə “KOB Dostu” fəaliyyətə başlayıb

horadizde-kob-dostu-fealiyyete-baslayib
Oxunma sayı: 2219

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) artıq cəbhəyanı rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək.

"Qafqazinfo" xəbər verir ki, növbəti “KOB Dostu” martın 13-də Füzuli rayonunda fəaliyyətə başlayıb. Bu, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur və Füzuli rayonu ilə yanaşı, ətraf rayonlarda, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən sahibkarların da “KOB Dostu” xidmətlərindən faydalanmaq imkanı yaradır.

Bununla əlaqədar olaraq Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən olduğunu, özəl bölmənin inkişafı istiqamətində müxtəlif təbirlərin və islahatların aparıldığını vurğulayıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulanıb ki, cəbhəyanı rayonlarda sahibkarlığın inkişafına dəstək olmaq, rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasını təşviq etmək məqsədilə Füzuli rayonunda “KOB Dostu” fəliyyətə başlayıb. Bu sayca 13-cü “KOB Dostu”dur və şəbəkənin bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur. 

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlığın inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Həmin gün İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi istifadəyə verilib.

Bununla əlaqədar, Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının yeni həyat bəxş etdiyi Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib. Sahib Məmmədov birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Nazir müavini arıçılıq təsərrüfatlarında istehsal olunan məhsulun bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxanada emal olunaraq qablaşdırılacağını və “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacağını, məhsulların mobil satış məntəqəsində də satışının həyata keçiriləcəyini vurğulayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında agentliyin sifarişi ilə hazırlanmış və bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxananın Cocuq Mərcanlıdakı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət göstərəcəyini və Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların bundan sonra da dəstək xidmətləri ilə tam əhatə olunacağını bildirib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıblar.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə oluğunu qeyd edib.

Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin nümayəndələri Cocuq Mərcanlıda həyata keçirilən layihələrə daim dəstək olacaqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.