“Hörmətli Sahil müəllim, təxminən 10-12 milyon lazımdır” - Yenilənib

hormetli-sahil-muellim-texminen-10-12-milyon-lazimdir
Oxunma sayı: 5384

“Bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətləri verilsin”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Deputat qeyd edib ki, Azərbaycan dövləti vətəndaş doğulandan dünyasını dəyişənə qədər onu himayə edir, qayğı göstərir: “Pensiya, sosial müavinət, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Hörmətli Sahil müəllim, kiçik bir kateqoriya var ki, təxminən 10-12 milyon vəsait lazımdır.

İşləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımızın dəfn müavinəti məsələsini gündəmdə saxlasanız, yaxşı olardı. Komitə adından aidiyyəti üzrə məktublar göndəriləcək”. 

***

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputata cavab verib. O bildirib ki, bəzi kateqoriyadan olan şəxslərə dəfn müavinətlərinin verilməsi üçün Maliyyə Nazirliyi ilə müzakirələr aparılacaq: “Bu gün pensiyaçılar, işləyən və digər şəxslərə dəfn müavinəti nazirlik tərəfindən verilir. Yalnız işləməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə bu vəsait bizim nazirlik tərəfindən ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə, əlbəttə biz bunu sürətli şəkildə təmin edə biləcəyik”.

***

Nazir qeyd edib ki, 2018-ci ilin sonunda cəmi 35 min ailəyə ünvanlı sosial yardım verilirdisə, hazırda bu rəqəm 70 mini keçib.

“İstək daha çoxdur və artacaq. Əvvəlki illərdə cəmi 1000 ailə özünüməşğulluq proqramına cəlb edilirdisə, indi isə ildə 16 mindir. Amma yenə də istək və arzu çoxdur, say artacaq. Peşə hazırlığına cəlb olunanların sayı 3 min idisə, bu il 18 mindir. Bu istiqamətlərdə mütəmadi say artımı olsa da, həmişə istəklər çox olacaq. Bunu da birmənalı qəbul edirik. Amma əsas məsələ bunun dayanıqlı olmasıdır”.

Zaur Mirzə