“Hörümçəy”ə görə Orfoqrafiya lüğəti yenidən nəşr olunacaq

horumceye-gore-orfoqrafiya-lugeti-yeniden-nesr-olunacaq
Oxunma sayı: 4286

“Azərbaycan dilinin Orfoqrafiya lüğəti bu il yenidən nəşr olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Report-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub: “Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq”.

Qeyd edək ki, Azərbaycan dilinin son Orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb və bu, ictimaiyyət arasında etirazla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı olmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirir.

Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.