Hotellərə ciddi xəbərdarlıq olundu

Hotellərə ciddi xəbərdarlıq olundu
Oxunma sayı: 4072

Fevralın 23-də Dövlət Turizm Agentliyi (DTA) tərəfindən Bakı şəhərində yerləşən hotellərin monitorinqi çərçivəsində növbəti media tur baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən monitorinqlərdə pandemiya dövründə fəaliyyət göstərən hotellərdə işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılıb.

Media turdan sonra təşkil olunan mətbuat konfransında DTA-nın Aparatının rəhbəri Kənan Qasımov jurnalistlərin suallarını cavablandırıb.

Kənan Qasımov bildirib ki, DTA olaraq əsas vəzifəmiz insanların səyahətlərinin təhlükəsizliyini təmin etməkdir. O, hotellərin işçi heyətini, eləcə də qonaqları xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlullar, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olduğu barəsində bir daha xəbərdarlıq edib və pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.

Qeyd edək ki, hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi  Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.

Məlumat üçün bildirək ki, 2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar tərəfindən bu dövr ərzində ölkədə fəaliyyət göstərən 374 hoteldə ümumi olaraq 11244 sayda monitorinq aparılıb və 213 cərimə tətbiq edilib.