Hövsan ağsaqqalları Tural Əfəndiyevə dəstək verdi - Fotolar

hovsan-agsaqqallari-tural-efendiyeve-destek-verdi
Oxunma sayı: 4575

30 saylı Suraxanı Birinci Seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizəd Tural Əfəndiyev öz seçki qərargahında Hövsan qəsəbəsinin ziyalı və ağsaqqalları ilə görüşüb.  “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Tural Əfəndiyev öz seçki platforması, qarşıya qoyduğu məqsəd və vəzifələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, dövlət başçısının hər sahədə olduğu kimi apardığı ciddi islahatlardan biri də növbədənkənar parlament seçkiləridir və  o, bu seçkilərdə çox böyük məsuliyyət hissi ilə iştirak etməyə qərar verib.

Sonra görüşə toplaşan ziyalılar namizədin əmək fəaliyyəti ərzində nail olduğu uğurlardan, xeyirxah əməllərindən və dünyanın bir çox ölkələrində Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin təbliğində gördüyü konkret işlərdən danışıb. Xalq artisti Şeyx Əbdül Mahmudov çıxışında qeyd edib ki, Tural Əfəndiyev azərbaycançılıq, vətənpərvərlik, humanizm, azadlıq və demokratiya ideyalarını öz əsərlərində hələ sovet ideologiyasının tüğyan etdiyi dövrdə təcəssüm etdirən və həyatını bu dəyərlər üzərində quran İlyas Əfəndiyevin ailəsində böyüyüb başa çatıb: “Tural Əfəndiyev də öz soykökünə sadiq qalaraq, bu dəyərləri yüksək səviyyədə tərənnüm edir.  Şeyx Əbdül bildirib ki, ictimai-siyasi fəaliyyətin milli-mənəvi dəyərlərlə müşayiət olunmasını arzu ediriksə, qarşıdan gələn seçkilərdə Tural Əfəndiyevin namizədliyini dəstəkləməliyik”.

Daha sonra çıxış edən Hövsan qəsəbəsinin tanınmış ziyalısı və ağsaqqalı, filologiya elmləri doktoru Vərağa Almazov, ilk növbədə deputatlığa namizəd Tural Əfəndiyevə xeyir-dua verib. O qeyd edib ki, burada toplaşan ziyalı və ağsaqqal sayının çox olması namizədimizin daim artan nüfuzundan, gördüyü işlərin miqyasından xəbər verir. V. Almazov vurğulayıb ki, deputat anlayışı adi insanların qəbul etdiyi və anladığından daha geniş məna kəsb edir və ölkənin daxili və xarici, milli-mənəvi, etik-estetik, pedaqoji siyasəti və ictimai-siyasi fəaliyyəti formalaşdıran bir şəxs anlamında başa düşülməlidir: “ Biz də bu cür keyfiyyət və bacarıqları Tural Əfəndiyevin şəxsiyyəti və təcrübəsində aydın görürük. Əminəm ki, 9 fevral seçkilərindən sonra Tural Əfəndiyev öz islahatçı ruhlu fəaliyyəti ilə platformasında əks olunmuş bütün işləri layiqincə həyata keçirəcək. Hövsan və ətraf ərazilərdə namizədimizin tərəfdarları çoxdur və növbəti görüşlərdə onlar da iştirak etmək üçün bu cür görüşlərə gəlmək niyyətindədir. Biz yerli ziyalılar seçkilərdən sonra da Tural müəllimin ətrafında birləşərək, onun platformasında öz əksini tapmış müddəaları həyata keçirməyində kömək edəcəyik”.

 Çıxış edən digər natiqlər də Tural Əfəndiyevə seçki zamanı dəstək olacaqlarını bildirib.