Üstündən xeyli vaxt keçsə də Hrant Dink məsələsi Türkiyədə aktuallığını itirməyib. Azərbaycanlılar isə Hrant Dink məsələsini bir xəyanət olaraq qəbul etdiklərindən, mövzuya başqa tərəfdən ( Türkiyənin daxilindən) baxmağın faydalı olacağını düşünürəm.
“Hepimiz Ermeniyiz, hepimiz Hrantız” şüarı hamımıza tanışdır yəqin ki. İlk dəfə bu şüarı eşidəndə böyük bir nifrətlə qarşılamışdım. Heç cür qavraya bilmirdim ki, milyonlarla türk vətəndaşı bu şüarı necə dəstəkləyir və on minlərlə, bəlkə də yüz minlərlə insan küçələrə toplaşıb, hər 19 yanvar günü bu şüarı dəstəkləməyə necə cəsarət edir. Bu bir azərbaycanlı üçün ağlasığmaz bir şeydir.(Özümüzü orda meydanlara çıxanlar ermənilər, kürdlərdir deyə aldatmağa ehtiyac yoxdur.) Amma bu 80 milyonluk Türkiyə üçün nəinki normaldır, hətta olmalıdır da. Biz və Türkiyədə yaşayan milyonlarla insan dərk etməlidir ki, Hrant Dink Türkiyə vətəndaşıdır və hüquqları qorunmalıdır. Hrant Dink Ermənistanlı deyil. Özünün də dediyi kimi o Türkiyəlidir, Türkiyəli ermənidir. “ Mən türk deyiləm, türkiyəliyəm və erməniyəm” dediyi üçün türklüyü təhqir etdiyi iddiasıyla həbs edilmişdir.
Bu gün Türkiyədə kürd problemi artıq qəbul olunur. Kürtləri təmsil edən partiya açıq şəkildə PKK-nı dəstəkləyir. PKK-nın ölən gerillalarının cənazəsindəki izdiham, toplaşan insanların çoxluğu şəhid cənazələrini geridə qoyur. Bir dəfə konfransda PKK ilə vuruşarkən ağır yaralanmış, bir qolunu və ayağını itirmiş türk zabiti: “Xəstəxanadan çıxarkən xəyalımda minlərlə insanın məni qarşılayacağını və bağırlarına basacaqlarını zənn edirdim amma məni qarşılamağa sadəcə bir neçə əsgər gəlmişdi” demişdi və salonda əyləşən bütün kursantlar, o cümlədən mən göz yaşlarımı tuta bilməmişdim. Sonra isə onu boşayan türk həyat yoldaşından və onu bağrına basan erməni əsilli qadından danışmışdı.
Onu bağrına basan erməni qadını çox gərəksiz bir ifadədir. O sadəcə türkiyəli bir xanımdır. Əgər türk xalqı minlərlə türk əsgərini öldürən PKK kürdlərini, sivil kürdlərdən ayırd edib, onları qəbul edirsə keçən əsrin əvvəllərində Osmanlıya xəyanət etmiş ermənilərlə, veteran zabitin həyat yoldaşını niyə ayırd etməsin? Bu gün ki, türkiyəli ermənilərin əsas davası da budur.
Sevə sevə izlədiyimiz Yeşilçam türk sinemasının məşhur simaları arasında gülüşüylə yaddaşımıza həkk olunan Adilə Naşit və bir çox aktyor, incəsənət adamı da ermənidir. Adilə Naşit və onun kimi minlərlə erməni milli kimliklərini mümkün olduğu qədər gizlətməyə çalışmış və cəmiyyət qarşısında ifşa olunmaqdan qorxaraq yaşamışlardır. Bu gün Türkiyədə yaşayan ermənilərin və o cümlədən Hrant Dinkin məsələsi də budur. İfşa olmaq və xalq tərəfindən qəbul olunmaq istəyirlər. İnsanların onları düşmən kimi görməsindən yorulublar. Cəmiyyət bunu qəbul edir əslində,
sadəcə etiraf edə bilmirlər. Bunu açıq açıq deyəndə milli duyğular oyanır, söyüb nifrətlərini ortaya tökürlər. Amma bu gün Hayko Cepkini hamı sevir, dinləyir. Türkiyədə erməni olmaq, homoseksual olmaq kimi bir şeydir. Hammı bilir, amma eşitmək istəmir. Hrant Dink də hicablı qadınların problemlerini ermənilərin probleminə oxşatmışdı. Hicablı tələbələr universtet qapısından girərkən, dövlət idarələrinə girmək istədiklərində ya başlarını açmalı ya da hicablarının üstündən parik taxmalı idilər . Ermənilər isə parik taxmaq əvəzinə adlarını, soyadlarını dəyişdirirdilər. Qızının məzuniyyəti gününə gəlmiş hicablı bir ananın qapıdan buraxılmadığına şahid olan Hrant Dink “Hicab” qanununun sərt şəkildə tətbiq olunduğu günlərdə yazdığı məqaləsinin sonunu belə bitirmişdi :
“Kadının başörtüsünü alıp Hıristiyan eşimin kafasına geçiresim ve içeri dalasım, ardında da, “Hadi gelin,bizi de dışarı atın” diye bağırasım geldi…”
Hrant Dink uydurma “Erməni soyqırımı” ifadəsinin dırnaq içində olan hissəsinə inanırdı. Amma erməni diasporuna müraciət edərək “1915 erməni hadisələri “ ilə bağlı ittihamlarından “soyqırım” ifadəsinin çıxarılması təklifini irəli sürmüşdü. Bununla yanaşı diaspor “erməni hadisələri”-ndə o dövrün Osmanlı hökümətini günahlandırarkən, Hrant, Avropa ölkələrini günahkar hesab edirdi.
Bunları yazmaqda məqsədim Hrant Dinki müdafiə etmək deyil. Sadəcə düşünürəm ki, “Ağ” rənglə “ Boz” rəngi ayırd etməyi bacarmalıyıq. Biz kütləvi olaraq erməniləri sevmirik. Sevə bilmirik. Sevməyimizə ehtiyac da yoxdur. Hələ bu bizə lazım da deyil. Amma Hrant Dink və Türkiyənin daxilindəki milli, etnik problemləri başa düşməliyik. Türklər “Hepimiz Ermeniyiz “ dedi deyə dəliyə dönməyin mənası yoxdur. Rafiq Tağının öldürülməsi necə bizim üçün utanc mənbəyidirsə ( olmalıdırsa), Türkiyə üçün də bu gün Hrant Dinkin öldürülməsi utanc mənbəyidir.