Humsda meyitləri dəfn etmək mümkün deyil

humsda-meyitleri-defn-etmek-mumkun-deyil
Oxunma sayı: 635

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, artıq bir aydır ki, mütəmadi bombardmana məruz qalan Suriya inqilabının simvoluna çevrilən Hums şəhərinin Bab Əmr məhəlləsi yerlə-yeksan edilib. Hums şəhərini tərk edərək, Livana sığınan suriyalılar şəhəri ağır meyit qoxusunun bürüdüyünü bildirərək, Bab Əmr məhəlləsində dağıntılar altında xeyli sayda insanın qaldığını deyiblər.

Suriyanın İnsan Haqlarına Nəzarət Təşkilatının məlumatında şəhərdə “müxalif ovu”nun başladıldığı, öldürülən rejim əleyhdarların meyitlərinin kütləvi şəkildə yandırıldığı qeyd edilib. Rejim əsgərlərinin suriyalı qadınlara təcavüz etdiyini irəli sürən təşkilat Bab Əmr məhəlləsində baş verənlərə dair dəlillərə malik olduğunu bildirib.

Bu arada Birləşmiş Ştatlar rəsmilərinin açıqlamasında Suriyaya hərbi müdaxilə edilməyəcəyi vurğulanıb. Ağ Evin açıqlamasında sözügedən ölkədəki zorakılığa son qoyulması üçün diplomatik səylərin davam etdiriləcəyi bildirilərək, problemin həlli yolunun Bəşər Əsəd rejiminin beynəlxalq aləmdən təcrid edilməsi olduğu qeyd edilib.