Hüseyn sevgisi, yoxsa müftə telefon ehtirası?

huseyn-sevgisi-yoxsa-mufte-telefon-ehtirasi
Oxunma sayı: 8353

Əslində, susulası məsələdir Hüseyn Həsənov adlı bloqerin Bakıdakı həngaməsi. Sadəcə, məsələnin yanlış yönə boy verməsi, bu hadisəyə sosial şəbəkələrdə əksəriyyətin verdiyi şərh narahatlıq doğurur.

Hadisə bundan ibarətdir; Hüseyn adlı Rusiyada yaşayan Azərbaycan əsilli bloqer Bakıdakı ticarət mərkəzlərindən birində izləyiciləri ilə görüş keçirəcəyini deyir, bu haqda elan verilir və qeyd olunur ki, görüşdə bir neçə adama son model telefon hədiyyə olunacaq.

Görüş günü isə həmin ticarət mərkəzində izdiham yaşanır. Hansı ki, elə xaotik izdiham son dəfə 80-ci illərin sonunda Azadlıq meydanında yaşanmışdı. Müqayisə ağrıdır, hə?

Görüşdə Hüseyn insanların qabağında heç nə danışa bilmir, onu dinləyən olmur, hamı ona daha yaxın düşmək istəyir ki, veriləcək müftə telefonlardan biri də onun olsun. Hətta vəziyyət o yerə çatır ki, icazəsiz səhnəyə qalxmaq istəyən yeniyetmələr qamçılanır, bəli, özünün daha yaxında olduğunu göstərmək istəyən, canfəşanlığı ilə diqqət çəkib bahalı telefona sahib olmaq istəyən bir neçə zavallı gənc qarşı tərəfdən bir adam tərəfindən kəmərlə qamçılanır. (Həmin adamın artıq saxlanıldığı deyilir).

Bəli, bizdən olan yüzlərlə yeniyetmənin, gəncin fanatlıq, sevgi naminə deyil, telefona görə qürurunu qırması, özünü həlak eləməsi hər birimizi acıdır. Ancaq sosial şəbəkədə həmin mənzərənin yalnız birmənalı şərh edilməsi, yeniyetmələrin şiddətlə qınanması, təhqir olunması, ən əsası oradakı mənzərənin bütün Azərbaycan cəmiyyətinə şamil edilməsi dürüst qənaət deyil. 

Müftə mal, hədiyyə dünyanın hər yerində şirindir, ola bilsin, yağ-bal içində üzən toplumlarla müqayisədə bizdə bu istək daha şiddətlidir. 
Bu arada iki etiraf etməliyəm, hansı ki, bu etiraflar yazıda demək istədiyim məqama kölgə salacaq:

Əlamətdar günlərdə sosial şəbəkədə kitablarımdan bir neçə şəxsə hədiyyə edəcəyimi yazıram, bir anın içində bum yaşanır, hədiyyə sözünü görəndə 10-larla adam rəydə namizədliyini yazır. Sonda qeyd edirəm ki, kitablarınız gəlib götürə bilərsiz. On adamdan ən yaxşı halda biri, ikisi gəlib kitabı götürür. Yaxud da, ötən günlərdə bir neçə teatrda biletsiz tamaşa təqdim olunanda yaranan vəziyyətə diqqət edək; uzun illər insanların teatra laqeydliyindən dad edirdik, pulsuz tamaşa görən kimi anşlaq yarandı.

Ancaq vicdanımızın diqtəsiylə danışsaq, həmin yeniyetmələrin (ticarət mərkəzindəki izdihamın 80-90 faizi yeniyetmələrdən ibarət idi) hərəkətini çox şişirtməkdənsə, mənzərənin yaranma səbəbinə diqqət yetirmək lazımdır.

Əmin olun ki, bu gün dünyanın istənilən nöqtəsində, lap elə həmin telefonun istehsal olunduğu ölkədə, həmin telefonun su qiymətinə olduğu şəhərdə də eyni elan verilsə, ora toplaşacaq yüzlərlə həddi-buluğa çatmamış macərapərəst tapılacaq. Həmin şəxslər heç vaxt cəmiyyətin siması ola bilməz. Cəmiyyətə bu prinsiplərlə diaqnoz qoyulmalı deyil. Özümüz haqqında bunca bədgümanlıq bizə mane olan ən başlıca problemlərdəndir.

Az-çox dünyanı gəzən, yaxud dünyaya virtual müstəvidən də açıq gözlə baxa bilən hər kəsə aydındır ki, bizə süddən çıxan ağ qaşıq kimi təqdim olunan ölkələrdə, bəzən nələr baş verir. Bəzən həmin ölkələrdə toplum, fərdlər elə hərəkətlərə imza atır ki, onu Azərbaycan adamı heç zaman eləməz. Ona görə bizə ora axışan ağıl dişi çıxmayan gəncləri qınamaqdansa, ticarət mərkəzində yaranan mənzərənin ən ürəkbulandıran tərəflərini skeptik gözlə analiz eləməliyik. 

Əsl problem görüşə gələn məşhur və təşkilatçılarla bağlıdır; birincisi, Hüseyn Həsənov daim lüks həyatı ilə diqqət çəkib, onun videobloqerlik fəaliyyətinin zirvəsi kreativlik yox, puldur. İnsanlar onu hər an, istənilən bir adama maşın hədiyyə edə biləcək şəxs kimi tanıyır, izləyir. Onu maraqlı edən daha çox bu “səxavətidir”, yaradıcılığı yox.

Bakıdakı son görüşünə axışan yüzlərlə adamın da sinəsində Hüseynə sevgi yox, boş bir cib və bu cibə qoya biləcəyi bahalı telefonun xülyası var idi. Hüseyn bu reallığı bilir, o əmindi ki, həmin kütlədən heç kəs onu sevmir, ancaq yenə də telefon, maşın, pul hədiyyə etməklə qazandığı toplumu nailiyyət sayır. Təbii ki, bu onun öz işidir, kimsə ona “belə etmə” deyə bilməz. Mənə görə Hüseynin toplumla irtibatı bir insanın özünü aldatmaqdan, saxta şöhrət qazanmaqdan başqa bir şey deyil. Ancaq yəqin ki, onun da öz həqiqəti var.

Dünənki qarqaşanın digər problemli nöqtəsi isə təşkilatçılarla bağlıdır. Bu boyda həngamənin yaranacağını onlar təxmin etməli idilər. Belə bir biabırçı situasiyanı yaradan ağzından süd iyi gələn yeniyetmələr yox, onlara yön verməyə borclu olan, vəziyyəti idarə etməyə cavabdeh olan şəxslərdir. Ölünü də başsız qoysan, kəfəni yırtır.

Dünyanın güllük-gülüstanlıq kimi görünən ölkələrində heç bir qərarı, sistemi, nizamı toplum yaratmır, toplum daim təbiətindən doğan anarxiyanı seçir. Toplumları sivil göstərənlər ideoloqlar, ziyalıların ortaya qoyduğu fikirlər və bu fikirləri cəmiyyətə təlqin edən siyasət, dövlət adamlarıdır.

Bizim bugünkü borcumuz Hüseyn Həsənovun məzmunsuz görüşünə etiraz etməkdir, yeniyetmələri təhqir edib yasa batmaq yox. İnanın, dünən ayaq altda qalan uşaqların içində elələri var ki, onlar iki-üç il sonra universitetə qəbul olacaq, auditoriya görəcək, mühiti dəyişəcək və hər il sosial şəbəkə xatırlatdıqca bu görüntülərə baxıb peşman olacaq, yaxud özünə baxıb güləcək.

Ağac kölgəsində böyüyür, cənablar. Sərinliyimizi özümüzdən və dibimizdən bitən bahar ağaclarından əsirgəməyək.

Sərdar Amin