“İbrahim Tatlısəs Bakıda” şousu kimə lazımdır?

ibrahim-tatlises-bakida-sousu-kime-lazimdir
Oxunma sayı: 748

Dünəndən mətbuatın əsas mövzusuna çevrilən Türkiyənin musiqi imperatoru İbrahim Tatlısəsin Bakı səfərinin hələ də reallaşmadığı iddia olunur. Xəbərlərə inansaq isə İbo artıq Bakıdadır. Amma harda?

İbrahim Tatlısəsin azərbaycanlı ekstransens Nuridə Küskünün müayinəsinə gəldiyi barədə məlumatlar yayılıb və sözügedən xanım özü də bunu təsdiqlədi: “Bu yaxınlarda İstanbuldan çəkiliş üçün gəlmişdilər. Onlar da bunu məndən soruşdular. Bildirdim ki, mən bu işi təmənnasız həyata keçirəcəyəm. Onlara bildirdim ki, İbrahim Tatlısəs həm Türkiyənin, həm də bizim əzizimizdir. Birinci Tanrı kömək edəcək, sonra isə biz. Mən İbrahim Tatlısəsə sözümü demişəm. Mən hörmət, para, savabın kimdən gəldiyini bölüşdürməyi bacarıram. Tanrı qarşısında söz verdim ki, ona kömək edəcəyəm. Mənə gələn səslər heç vaxt məni aldatmayıb”.

Daha sonra Nuridə Küskün qeyd edib ki, müğənni hazırda qaldığı mehmanxanada istirahət edir: “İbrahim bəy bildirdi ki, hələlik 3-4 gün dincəlmək istəyir. O, çox gərgindir, həm də çox duyğusal olub. Müalicələrimiz elə müğənninin qaldığı mehmanxanada həyata keçiriləcək”.

Bu xəbərdən sonra hamı inandı ki, İbrahim Tatlısəs Bakıya müalicəyə gəlib, özü də həkim deyil, ekstrasens yanına. Daha sonra “facebook” sosial şəbəkəsində İbrahim Tatlısəsin Bakı fotoları yayıldı. Həmin fotoda isə Bakıya aid heç nə yox idi.

Elə dünən gecə ANS telekanalına İbrahim Tatlısəsin meneceri Özzan Karagül xəbərin yalan olduğunu bildirib. Hətta menecerin sualdan təəccübləndiyi də açıq-aşkar hiss olunurdu.

Biz də “Qafqazinfo” olaraq bütün bu xəbərlərə aydınlıq gətirmək üçün Nuridə Küskünlə əlaqə saxlamağa çalışdıq. Özünü ekstrasensin köməkçisi kimi təqdim edən Azər bəy bütün suallara cavab tapmaq üçün Nuridə Küskünün bu gün keçirəcəyi mətbuat konfransında iştirak etməyimizin vacib olduğunu diqqətimizə çatdırdı.

“Tatlısəs konfransda olacaq?” sualını isə köməkçi belə cavablandırdı: “İbrahim Tatlısəs hələ ki, mətbuat qarşısına çıxmaq istəmir. Müəyyən müddətdən sonra özü bu barədə danışacaq”.

Həmsöhbətimiz müəyyən müddətin neçə gün olacağını da bilmədiyini söylədi.

“Bəs deyirlər İbo Bakıya gəlməyib, bu yalan xəbərdir” sualını isə Azər bəy belə cavablandırdı: “Necə yəni gəlməyib? Dünən telekanallarda da göstəriblər”.
Ekstrasensin köməkçisi İbonu görmüsüz sualına elə “Bəli” cavabı verdi ki, sanki “görməmişəm” kimi səslənirdi.

Hələ ki, bu məlumatın yalan və ya doğru olduğunu əminliklə söyləməsək də, İbonun adından şou kimi hallandığı aydın məsələdir. Necə olur ki, İbrahim Tatlısəs dünən “Tvitter” səhifəsində Qəzzayla bağlı Tvit yazıb, amma Bakı səfərinə toxunmadı?

Onu da qeyd edək ki, bu xəbərin yalnız ekstrasens Nuridə Küskün Şuşalının reklamı üçün yayıldığı iddia olunur.