İçərisində 65 min manat olan seyf oğurlanıb

icerisinde-65-min-manat-olan-seyf-ogurlanib
Oxunma sayı: 648

“Dekabrın 3-də İ.Hacıyev küçəsində Bakı şəhər sakini Elvin Orucov Münhan Məmmədovun qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi RPİ CAŞ və 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 3-də Şərifli küçəsində naməlum şəxslər Efraiz Məmmədovun cibindən 221 manat götürüb qaçıblar. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, Bakı şəhər sakini Eldar Hüseynov dekabrın 3-də tutulub, digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Noyabrın 12-də üzlərində masqa olan şəxslər C.Şərifov küçəsində yaşayan İlkin İbrahimovun evinə daxil olub bıçaq və tapançaya oxşar əşya ilə hədə-qorxu gəlib 1 cüt sırğa və 1 ədəd qızıl boyunbağı alaraq gediblər. Sabunçu RPİ CAŞ, 12 və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Eldar Lançova, Bakı şəhər sakinləri Cavanşir Qənbərov və Əsəd Məmmədov dekabrın 2-də, cinayətin digər iştirakçısı Elmir Rzayev isə dekabrın 3-də tutulublar.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəhim Əliyev dekabrın 3-də yaxalanıb.

Nərimanov RPİ CAŞ və 16-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Elçin Əhmədov dekabrın 3-də yaxalanıb.

Noyabrın 24-də Türkiyə vətəndaşı Atmet Tanyıldız Nəsimi RPİ 22-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, Z.Əliyev küçəsində yerləşən tikinti şirkətinin ofisin otağından içərisində 65 min manat olan seyf naməlum şəraitdə oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rahib Məhərrəmov dekabrın 3-də tutulub, digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Dekabrın 2-də Babək prospektində Ulduzə Eyvazovaya məxsus «Subaru» markalı avtomobildən açıq qapıdan keçməklə içərisində 1000 manat, 2 ədəd mobil telefon və sənədlər olan əl çantası oğurlanıb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ramil Qəmbərov və Ruslan Əsgərov dekabrın 3-də yaxalanıb.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Səid Səmədov dekabrın 3-də yaxalanıb.

Binəqədi RPİ QŞVŞ və PPXB əməkdaşları Pakistan vətəndaşı Javed Tariq oğlunun qeydiyyatsız yaşadığı üçün barəsində İXM-nin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər”.