İçimdəki dərdlərlə, hətta orda ölərəm də...- - Rafiq Tağı

icimdeki-derdlerle-hetta-orda-olerem-de-
Oxunma sayı: 1628


“Qafqazinfo” 2011-ci ildə bıçaqlanaraq öldürülən publisistin yaradıcılığından bir neçə şeiri təqdim edir:

Keçdim klassiklər tərəfinə


Skripka aldım özümə -

  onu çala,

bu cür ucala

bilməsəm də.

Keçdim klassiklər tərəfinə.

Keçdim –

hətta

qoca kimidilərsə də.

çeşməklərindən

sanki həkimdilərsə də.

Min cür adamdan

mən onları seçdim,

aldanmadan.

Oxşadım keçmişin

və həm gələcəyin

klassiksevərlərinə.

Skripka aldım özümə -

keçdim klassiklər tərəfinə.

15.03.1998


Yeni Zelandiyaya atlandı ürəyim


Bir an

Yeni Zelandiyaya

atlandı ürəyim.

Əyri sərhədləri –

sulardan...

Sandım,

vətənim olar birdən.

Ona illüzor sevgilər

törətdim qəlbimdə.

Xəritədəki

Yeni Zelandiya nöqtələrində

ev qurdum ailəmə -

çox da

tikinti materiallarına

nabələdəm oranın.

Həyatın işidir,

birdən Vətən

yox dedi mənə -

onda gəldim,

Yeni Zelandiya!

İçimdəki dərdlərlə

hətta orda ölərəm də,

əvvəl bir az

yaşamaq şərtiylə.

Bir an

Yeni Zelandiyaya

atlandı ürəyim.

Əyri sərhədləri –

sulardan...

Sandım,

vətənim olar birdən.

 9. 05. 2007


Dünya qlobal oldu


Nənəm öldü.

Düzbucaqlı qəbriylə onun

dünya qlobal oldu

bir az da.

Keçmişi özüylə apardı getdi...

Üstümə yeridi

lüzumsuz gələcək.

Xoşbəxtliyə dair

proqnozları

düz çıxmaz daha

öncəgörənlərin –

istər

Pavel Qloba ola.

Nənəm öldü.

Düzbucaqlı qəbriylə onun

dünya qlobal oldu

bir az da.

 9. 05. 2007


“Bayıl”a gəlmişdi rəhmətlik atam


Kamerama

təsadüfən girən külək

saçlarımı oxşadı

 “Bayıl”da.

Bu qəfil qayğıdan

bayıldım az qala.

Sevgilərindən ancaq

rəhmətlik atama

oxşatdım onu.

Gün də əyilirdi

bayırda.

Belədə

insult vurar adamı.

“Bayıl” ola,

iki daşın arasında,

düzxətli-dördkünc

qadağalardan aşıb,

həbsdəki

yaşlı balasına

baş çəkə

rəhmətlik ata.

Qürub şəfəqlərinə

paralel barmaqlarıyla

saçlarını oxşaya

üstəlik.

 05. 05. 2007

“Qafqazinfo”