İçindəki “quş”la danışan adam...

icindeki-qusla-danisan-adam
Oxunma sayı: 1985


Bir insanın həyatında heç bir şey istədiyi kimi getmirsə, deməli, onun ailəsi və kareyrası ilə bağlı ciddi problemləri var. Bu zaman insan özünün də xəbəri olmadan daxili səsi ilə danışmağa başlayır. İndi təsəvvür edin ki, siz qocaman aktyorsuz, danışdığınız adam da əslində bir “quş”dur. Sizin yaratdığınız quş obrazıdır.

Bunu təsəvvür etmək üçün gərək “Birdman” filminə baxasınız. (Məncə, bu filmin tərcüməsi “quş adam” olmalıdır, amma bir neçə dildə tərcümədə orjinal ad saxlanılıb. Türk dilində “Atmaca” kimi tərcümə olunub, bu da azərbaycanca “qırğı” anlamına gəlir.)

Meksikalı rejissor Alexandro İnaritu (Alejandro G. Inarritu) haqqında deyim ki, mən bundan əvvəl onun “Babilistan” (“Babel”) və “21 qram” filmlərinə baxmışam. Onun üslubu bir neçə müxtəlif həkayələri və ya səhnələri xaotik şəkildə sıralmaq və tamaşaçını dərin düşüncəyə qərq etməkdir. Amma bu filmdə onun ənənəvi üslubdan kənara çıxdığını müşahidə edirik.

Məsələn, 2 saatlıq filmin əvvəldən axıra kimi bir kamera rakursu ilə çəkilməsi maraqlı təsir bağışladı. Hətta bunu filmin sonunda fərqinə vardım. Deməli, darıxdırıcı olmayıb.

“Birdman”in mövzusu haqqında 3-4 cümlə onu deyə bilərəm ki, uzun illərdir Brodveydə sənhəyə qoyduğu tamaşalarla kifayət qədər rəğbət qazanan aktyor, (həmçinin bədii rəhbər, rejissor) əslində özünə yer tapa bilmir, həyatında heç nə istədiyi kimi getmir. Onu ən çox sıxan isə vaxtı ilə oynadığı bir obrazdan sonra alnına vurulan damğadır. Hamı onu “Birdman” (Quş adam) kimi tanıyır. O isə hamıya sübut etməyə çalışır ki, “mən bir obraz deyiləm, Aktyoram, Sənətkaram.”

Bu nöqtədə başqa bir paralel aparmaq istəyirəm. Söhbət baş rolda çıxış edən (“Oscar”a da namizəd göstərilib) Maykl Kitondan (Michael Keaton) gedir. Məndə elə təəssürat yarandı ki, “Birdman” əslində elə Maykl Kitondur. Bilirsiz niyə? Məhz Kiton 1989 və 1992-ci illərdə çəkilən “Batman” filmlərində Batman (Yarasa adam) rolunda çıxış etmiş, bundan sonra isə demək olar ki, kitabı bağlanmış bir aktyordur. Həmin “Batman” elə bilin ki, indi “Birdmand”dir. Film boyunca baş qəhrəman məhz həmin “quş”la (daxili səsi ilə) dərdləşir.

Ümumilikdə film haqqında təəssüratım yaxşıdır. Məsələn, aktyor olan başqa bir obrazın dilindən verilən mesaj çox xoşuma gəldi. Assistent qız “Bu səhnədə necə başqası kimi ola bilirsən?” sualına aktyor cavab verir ki, “Mən yeganə olaraq səhnədə özüm kimi oluram. Real həyatda isə oynayıram.”

Məncə, bu cavab həm teatra verilən dəyər, həm də insanların qeyri-səmimiliyinə qarşı bir üsyandır.

Filmdən aldığım başqa bir mesajı da diqqətinizə çatdırım. Rejissor göstərir ki, sənin cəmiyyətdə populyarlaşmağın üçün sevənlərinlə yanaşı, sevməyənlərin, hətta nifrət edənlərin də olmalıdır mütləq. Bu isə indiki dövrdə o qədər də, çətin deyil. Sosial şəbəkələr də bunun üçün böyük meydandır.

“Birdman”in aktyor və aktrisa heyətinin ifası təqdirəlayiqdir. Maykl Kiton, Eduard Norton, Emma Stoun, Naomi Uots, Emi Rayan...

Ekran əsəri 9 nominasiyada Amerika Kinoakademiyasının ali mükafatına namizəd göstərilib. Favrotim olmasa belə, fikrimcə, bu ilin “ən yaxşı film”i (“Best pıcture”) seçiləcək.

İzləməyiniz məsləhətdir.