Maliyyə Nazirliyi (MN) 2022-ci il üzrə dövlət və icmal büdcənin icrasına dair məlumatları açıqlayıb.
Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln. manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4264,2 mln. manat və ya 16,2 faiz çoxdur.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8259,1 mln. manat icra olunub.
Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32063,3 mln. manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4640,9 mln. manat və ya 16,9 faiz çoxdur.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 11592,6 mln. manat icra olunub.
Dövlət büdcəsinin kəsiri
2022-ci ildə dövlət büdcəsinin kəsiri 3106,0 mln. manat proqnoza qarşı faktiki olaraq 1402,8 mln. manat təşkil etməklə proqnozdan 1703,2 mln. manat və ya 54,8 faiz az olub.
Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,0 faiz (proqnoza nisbətən 1,7 faiz-bənd az) təşkil edib.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 mln. manat), daxili və xarici borclanma (976,3 mln. manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 mln. manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 mln. manat vəsait hesabına həyata keçirilib.
İcmal büdcə
Operativ məlumata əsasən 2022-ci il icmal büdcəsinin gəlirləri 42289,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 5528,6 mln. manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8385,8 mln. manat və ya 24,7 faiz çoxdur.
İcmal büdcənin xərcləri 35061,0 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 mln. manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5070,5 mln. manat və ya 16,9 faiz çoxdur.
2022-ci ilin icmal büdcəsində 7228,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6108,5 mln. manat və ya 6,5 dəfə çoxdur.
Son xəbərlər
Son Xəbərlər