Bakı sakini, analitik Elxan Şahinoğlu martın 24-də “Media forum” saytına göndərdiyi məlumatda Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki 14 nömrəli binanın qarşısında ağacların qanunsuz olaraq kəsildiyindən gileylənmişdi.
Xeberdar.az bildirir ki, martın 27-də sayt məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə müraciət edib.
İbrahim Mehdiyev bildirib ki, Mirəli Seyidov küçəsində heç bir ağac kəsilməyib: “Bir nəfər əlində sənəd gəlib bildirib ki, ərazini almışam. Mən Bakıda yox idim, məsələni eşidən kimi göstəriş verdim ki, təcili olaraq işi dayandırın. Həmin şəxsi dəvət edib sənədlərini araşdıracam, sözümü deyəcəm. Burada heç bir şey yoxdur”.
İcra başçısı qeyd edib ki, martın 27-də Mirəli Seyidov küçəsindəki həmin əraziyə baş çəkib: “Yasamal rayonu ərazisində bir neçə abad həyət yaradırıq, bağça tikmək istəyirik və başqa planlarımız var. Bununla əlaqədar martın 27-də bir neçə məhəlləyə baş çəkdim, o cümlədən həmin ərazidə oldum. Oradakı qadınlar deyir ki, burada etiraz edən şəxsləri qəsdən öyrədiblər, çünki o yerə iddia edənlər çoxdur, buna görə adamları öyrədirlər ki, tikməyə imkan verməsinlər. Qoymurlar, mən bir söz demirəm. Amma sənədi olan adama sən nə deyə bilərsən?”
Torpağı kimin alıb sənədləşdirdiyi, ərazidə nə tikiləcəyi sualına İbrahim Mehdiyev belə cavab verib: “Bilmirəm. Mən sizə bu haqda heç nə deyə bilmərəm”.
Son xəbərlər
Son Xəbərlər