İcra başçısı Ağcabədidə füzulili məcburi köçkünlərlə görüşüb - Fotolar

icra-bascisi-agcabedide-fuzulili-mecburi-kockunlerle-gorusub
Oxunma sayı: 1468

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Ağcabədi rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar-qəbul görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Ağcabədi şəhəri Ümid qəsəbəsində keçirilən səyyar qəbulda Ağcabədi rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Füzulili məcburi köçkünlər məcburi köçkün vəsiqəsi almaq üçün tələb olunan arayışın Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada verilməsini xahiş ediblər.

Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən dövlət orqanlarında (o cümlədən yerli icra hakimiyyəti orqanlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması, mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya, o cümlədən Rəqəmsal İcra Hakimiyyəti elektron sisteminin tətbiqinə başlanılır. Yaxın vaxtlarda vətəndaşlar vaxt itirmədən qısa müddət ərzində bir sıra sənədləri onlayn qaydada əldə edə biləcklər.

Məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.