Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 29-da rayonun ucqar yaşayış məntəqələrindən olan Günəhir kəndində keçirib.
“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanları, əlaqədar xidmət sahələri rəhbərlərinin, Günəhir inzibati-ərazi vahidliyinin tərkibindəki Günəhir, Türkəncil və Qodəsə kəndləri sakinlərinin iştirak etdiyi görüşdə vətəndaşlar səyyar qəbul-görüşə görə İcra başçısına təşəkkürlərini bildiriblər. Çıxış edən sakinlər ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən söz açaraq, Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun asfaltlaşdırılmasına, yeni tibb məntəqəsinin tikintisinə, kəndə 5 kilometrlik içməli su xəttinin çəkilişinə və digər infrastruktur layihələrin icrasına görə razılıqlarını ifadə ediblər.
Səyyar qəbul-görüşdə çıxış edən T.Qaraşov ölkəmizdə ucqar dağ kəndlərinə göstərilən dövlət qayğısından, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan işlərdən söz açıb.
O, müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurla inkişaf etdiyini, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyasının getdikcə genişləndiyini diqqətə çatdırıb.
İcra başçısı sosialyönümlü tədbirlərin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, respublikamızda bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, doğma vətənimizin daha da qüdrətlənməsi naminə Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər