İcra başçısı hesabat verdi - Fotolar

icra-bascisi-hesabat-verdi-
Oxunma sayı: 4566

Bu gün Xətai rayon İcra Hakimiyyətində 2015-ci ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, hesabat toplantısında çıxış edən rayon hakimiyyətinin başçısı Razim Məmmədov 2015-ci ildə uğurların davam etdirildiyini bildirib: “Nazirlər Kabinetinin bu il yanvarın 10-da keçirilən geniş iclasında cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirlərimizin azalmasına səbəb olmuş, iqtisadi inkişafımıza mənfi təsir göstərmiş, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir”. Lakin aparılan islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, ölkə iqtisadiyyatında yenə də artım olmuşdur.

İqtisadiyyatımızın mənfi təsirlərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, biznes mühitinin sağlamlaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur”.

Sonra illik hesabat səsləndirilib. Hesabatda bildrilir ki, Bakının bütün rayonları kimi, Xətai rayonunda da abadlıq işləri davamlı olaraq aparılır. Paytaxtın ən çox əhalisi yaşayan bu rayonunda görülən işlərin miqyasını və əhəmiyyətini nümayiş etdirən ən parlaq göstəricikərindən biri də odur ki, ölkə prezidenti İlham Əliyev təkcə 2015-ci ildə Xətai rayonunda başa çatmış on müxtəlif layihənin açılışında şəxsən iştirak edib. Bunlar Yusif Səfərov küçəsində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksinin, Y.Səfərov 38 ünvanında istifadəyə verilmiş yeni parkın, Ağ şəhər yarımstansiyanın, dənizkənarı yeni yolun və piyada keçidinin, Yeni “Ağ şəhər” bulvarının, “Bulvar Hotel”in, Nobel prospektində Boks federasiyasının, Nargilə dairəsindən Ukrayna dairəsinədək yenidən qurulmuş yolun açılışları, 264 saylı məktəb və 5 saylı peşə liseyinin əsaslı təmirdən sonra istifadəyə verilməsidir ki, onların hər biri rayonun simasının dəyişməsində məxsusi rol oynayıb.

Xəzərin sahili boyu Bakı Dəniz limanından üzü Zığ şossesinə qədər uzanan Nobel prospektinin sağında və solunda, çox da uzaq olmayan keçmişdə neftayırma və bir çox digər zavodların tullantılarından, hisindən, pasından fasadları, damları qaralmış “Qara şəhər” indi tamam özgə bir aləmə, göz oxşayan məkana çevrilməkdədir. Bir tərəfdə ən müasir üslubda tikilən dənizkənarı bulvar, bir tərəfdə də “Ağ Şəhər” layihəsinin gözəl memarlıq üslubunda tikilmiş binaları sıralanmaqdadır.

Ticarət dövriyyəsinin 99,5 faizini təşkil edən özəl müəssisələrdə ilin əvvəlindən 1 milyard 614 milyon 871,5 min manatlıq istehlak malları satılıb ki, bu da 2014-cü illə müqayisədə 29,8 faiz çoxdur. Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 1 milyard 136 milyon 728,9 min manat, qeyri-ərzaq mallarının həcmi isə 486 milyon 195,7 min manat olub. Bu da onu göstərir ki, dünya maliyyə böhranı və neftin qiymətlərinin aşağı düşməsi nəticəsində ölkəmizdə baş vermiş manatın devalvasiyası əhalinin ümumi yaşayış səviyyəsinə elə də ciddi təsir göstərə bilməyib.

Rayonun ərazisində fəaliyyət göstərən özəl şirkət və müəssisələrin rəhbərləri həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını əsas götürərək, müəssisələrində çalışan vətəndaşların əmək haqlarının sabit verilməsini, devalvasiyaya uyğun tənzimlənməsini də daim diqqətdə saxlayırlar. Məsələn, rayonun nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı 772,1 manat, rabitə işçilərininki isə 562,1 manat olub. İnsanlara belə münasibət işlərin təşkilinə və gəlirlərin artmasına da öz müsbət təsirini göstərib və nəqliyyat xidmətlərinin avtomobil sektorunda xidmətlərin həcmi artaraq 479 milyon 976,5 min manat, rabitə müəssisələrində 34 milyon 835 min manat, iaşə müəssisələrində isə 56 milyon 245,9 min manat təşkil edib. Ümumilikdə, 2015-ci ilin əvvəlindən pullu xidmətlərin həcmi 2014-cü ilə nisbətən 14,8 faiz artaraq, 632 milyon 836,3 min manat olub. Əlbəttə, bu statistika da rayon əhalisinin maddi durumunun yaxşılaşdığını göstərən əsas arqumentlərdən biri hesab olunmalıdır.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, ötən il bu sosial məsələrlə yanaşı, əhalini ən çox narahat edən məsələ kommunal xidmət sahələrində mövcud olan nöqsan və çatışmazlıqlar olub. Onların az bir vaxtda aradan qaldırılması üçün icra başçısının sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətində kommunal xidmət idarələrinin işininin əlaqələndirilməsi üçün komissiya yaradılıb. Komissiyanın əhalinin şikayətlərinə operativ reaksiyası və kommunal xidmət idarələrinin işini əlaqələndirməsi nəticəsində “Azəristiliktəchizat” ASC-nin rayonda fəaliyyət göstərən struktur bölmələri mərkəzi və məhəllədaxili xəttlərdə, zirzəmilərdəki aşağı paylama xəttlərində əsaslı və cari təmir işləri aparıb, qazanxana və istilik məntəqələrindəki avadanlıqların təmirini başa çatdırıb, 270 siyirtmə dəyişdirimiş və ya təmir olunub, 27 kilometr istilik kəməri yuyularaq hidravlik təzyiqlə sınaqdan keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə rayondan bir nəfər “Əməkdar müəllim” adına, iki nəfər “Tərəqqi” medalına, ali məktəbə qəbul olunmuş 6 məzun isə Prezident təqaüdünə layiq görülüb.


Prezident İlham Əliyevin bütün nitqlərində və çıxışlarında “yerlərdəki icra strukturları və burada çalışan məmurlar vətəndaşlara xidmət etməyə borcludur” bəyanatını Xətai Rayon İcra Hakimiyyəti özü üçün mühüm bir tapşırıq kimi qəbul edib. Statistika göstərir ki, 2013-cü ildə rayon icra hakimiyyətinə 3 min 944 vətəndaşın müraciəti daxil olmuşdursa, bu rəqəm 2014-cü ildə 3 min 60-a, ötən il isə 2 min 973-ə enib. 2013-cü ildə daxil olmuş şikayət məzmunlu müraciətlərin sayı 1 min 621 olmuşdursa, 2014-cü ildə 804, 2015-ci ildə isə 352 olub. Bu isə vətəndaşların problemlərinin əsasən həll olunduğunu, inzibati ərazi icra nümayəndəliklərinin vətəndaşlarla sıx əlaqədə işlədiyini göstərir.
***

Toplantıda Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüsynbala Mirələmov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev və digərləri çıxış ediblər. T. Tağıyev əldə olunan uğurlarla kifayətlənməməyi və prezidentin dünya maliyyə iqtisadi böhranının davam edəcəyi dövrdə, Azərbaycan üçün irəli sürdüyü strategiyanın uğurla həyata keçirilməsi üçün daha böyük səylə çalışmağı tövsiyə edib.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.