İcra başçısı hesabat yığıncağı keçirdi

icra-bascisi-hesabat-yigincagi-kecirdi
Oxunma sayı: 1674

Yanvarın 30-da 227 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının və Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Keşlə bələdiyyəsinin üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri və Keşlə sakinləri iştirak ediblər.

Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat verib. Q.Qarakişiyev 2018-ci ildə Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 227 saylı tam orta məktəbin əsaslı təmir edildiyini və  Prezident İlham Əliyevin 12 sentyabr 2018-ci il tarixində həmin məktəbin açılışında, 21 dekabr 2018-ci il tarixində isə Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak etdiyini diqqətə çatdırıb.

Hesabat ilində Davud Aslan küçəsinin təmir edildiyini, Zəki Məmmədov küçəsində yenidən asfaltlanma işləri aparıldığını, Babək prospektində əsaslı təmir işləri aparıldığını bildirib. 2018-ci ildə qəsəbə ərazisində sahibkarlar tərəfindən müxtəlif iaşə və ticarət  obyektləri, istehsal sahələrinin inşa edilidyini və yeni iş yerləri açıldığını söyləyib.

Ötən ildə qəsəbənin P.Fərzəliyev və D.Aslan küçələrində “Azərbaycan  Dəmir Yolları” ASC-nin sifarişi əsasında dəmiryolunun mühafizə  zolağında yerləşən 500-ə yaxın ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə köçürülməsinin təmin edildiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.

Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.