İcra başçısı müşavirə keçirdi

icra-bascisi-musavire-kecirdi
Oxunma sayı: 1610

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə Füzuli rayon pambıqçılarının ümumrayon müşavirəsi keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıq istehsalçıları, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İcra başçısı Alı Alıyev müşavirədə çıxış edərək bildirib ki, martın 26-da prezidentin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirilib. O, diqqətə çatdırıb ki, ölkə başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. 

“Prezident müşavirdə qeyd etdi ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Ölkə başçısının müşavirədə söylədiyi giriş və yekun nitqindən irəli gələn məsələlər bizim də qarşımızda duran əsas məsələlərdən biridir”.

Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda 2018-ci ildə 2100 ha ərazidə pambıq əkilməsi planlaşdırıldığını vurğulayıb.