İcra başçısı ödənişli ictimai işlərdə çalışanlarla görüşdü - Fotolar

icra-bascisi-odenisli-ictimai-islerde-calisanlarla-gorusdu
Oxunma sayı: 1783

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Qobu, Hökməli, Pirəkəşkül, Güzdək və Aşağı Güzdək kənd və qəsəbələrində ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüşün məqsədinin ödənişli ictimai işlərin düzgün təşkili və bu sahədə şəffaflığın təmin edilməsi olduğunu qeyd edən İ.Gülməmmədova bu istiqamətdə artıq 4 belə görüşün keçirildiyini və ümumilikdə 700-dən çox insanı əhatə etdiyini bildirib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda müvəqqəti iş yerlərinin yaradıldığını və işsiz sakinlərin də ödənişli ictimai işlərə cəlb edildiyini söyləyən RİH başçısının sözlərinə görə, Abşeron rayonu üzrə bu məqsədlə 770 yeni  iş yeri yaradılıb.

“Rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların  istifadəsi hallarına  yol verilməməsi və  bu sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə belə görüşlər bundan sonra da mütəmadi olaraq təşkil ediləcək”, - deyə İ.Gülməmmədova qeyd edib.

İcra başçısı vətəndaşlarla fərdi qaydada söhbətlər aparıb, onların problemləri, qayğıları ilə maraqlanıb. İşçilərə lazımi göstəriş və tapşırıqlarını verib.