İcra başçısı şagirdlərin yolasalınma tədbirində - Foto

icra-bascisi-sagirdlerin-yolasalinma-tedbirinde
Oxunma sayı: 1409

Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təntənəli yolasalınma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün artıq 12-ci dəfədir ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyası təşkil edildiyini və 5 il ərzində rayon məktəblilərinin Naxçıvan şəhərində olduqlarını, Şamaxı-İsmayıllı-Qəbələ, Lənkəran-Masallı-Astara və Gəncə-Şəmkir-Göygöl istiqamətləri üzrə şəhər və rayonlarımıza səfər etdiklərini, həmin yerlərin tarixi abidələri, görməli yerləri ilə tanış olduqlarını, böyük təəssüratlarla geri qayıtdıqlarını bildirib.

A.Qasımov belə tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını, bu səfərlər zamanı yeni-yeni dostlar qazandığını, bölgələrimizin adət-ənənələrini öyrənərək geniş biliklərə yiyələndiklərini söyləyib.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən tədbirlər görüldüyünü söyləyiblər. 

Mərasimdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış ediblər. Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola salınıblar.