İcra başçısı sakinləri görülən işlər barədə məlumatlandırdı - Fotolar

İcra başçısı sakinləri görülən işlər barədə məlumatlandırdı
Oxunma sayı: 1305

Yasamal rayonunda növbəti səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları dinləyib.

Səyyar qəbul rayondakı 53 saylı tam orta məktəbdə keçirilib. Görüşdə Yasamal rayonunun sakinləri, RİH əməkdaşları iştirak ediblər.

Elşad Həsənov bildirib ki, 2022-ci il ərzində Yasamal RİH tərəfindən ümumilikdə 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb.

Daha sonra söz alan vətəndaşlar rayondakı qəzalı su xətlərinin təmiri, küçələrin işıqlandırılması, dövlət ehtiyacları üçün alınan evlərin qiymətləndirilməsi üsulu, əlillər üçün iş yerləri, yaşayış binalarının işıqlandırılması və istiliklə təmini, kommersiya qurumları tərəfindən səkilərin zəbt edilməsi, Alatava yaşayış massivində gözlənilən söküntü, rayon ərazisində narkomaniya ilə mübarizə və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

İcra başçısı sakinlərin suallarına ətraflı cavablar verib. Bir sıra məsələlər E. Həsənovun göstərişi ilə yerindəcə öz həllini tapıb.

Qəbulda sakinləri narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.