İcra başçısı sakinlərlə görüşdü - Fotolar

icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 1695

Yasamal rayonunda növbəti səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 52 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla görüşüb.

Sakinləri salamlayan Elşad Həsənov “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verib. İcra başçısı, həmçinin qəbullar və vətəndaş müraciətlərinin operativ həllinə dair statistika ilə bölüşüb və bildirib ki, müraciətlərin əksəriyyəti öz müsbət həllini tapır. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş edib.

Söz alan vətəndaşlar məhəllədaxili yolların asfaltlanması, yaşıllıqların suvarılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyətlərin abadlaşdırılması, ictimai iaşə obyektlərinin fəaliyyəti, küçələrin işıqlandırılması, tikintiyə icazə və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

Qəbulda icra başçısı sakinlərin suallarına geniş şəkildə cavablar verib. Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.