İcra başçısı şəhid uşaqları ilə görüşdü - Fotolar

icra-bascisi-sehid-usaqlari-ile-gorusdu
Oxunma sayı: 2105

Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə Vətən müharibəsində şəhid olmuş 9 ailənin 13 uşağının iştirakı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan icra başçısı Süleyman Mikayılov çıxış edib: “Bütün bəşəriyyət malik olduqlarının ən yaxşısını uşaqlara verməyə borcludur. Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə çoxsaylı tədbirlər həyata keçirib, müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müvafiq fərman və sərəncamlar imzalayıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır”.

Çıxışdan sonra Vətən müharibəsində şəhid olmuş 9 ailənin 13 uşağına icra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim edilib.