İcra başçısı Tovuz döyüşlərində yaralanan qazi ilə görüşüb

icra-bascisi-tovuz-doyuslerinde-yaralanan-qazi-ile-gorusub
Oxunma sayı: 3584

Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Tovuz döyüşləri zamanı ağır yaralanan İmişli şəhər sakini, qazi Zeynalov Məhiyəddin Elsevər oğlu ilə evində görüşüb.

Görüş zamanı icra başçısı qeyd edib ki, Tovuz döyüşləri Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyinə həm xalqın, həm də ordunun şəxsi heyətinin inamını daha da artırdı. Həmçinin xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsinə zəmin yaratdı və hər kəs inandı ki, təcavüzkarı hərbi müstəvidə hər an acı məğlubiyyətə düçar etməyə hazır və qadir olan güclü ordumuz vardır. Görüşdə icra başçısı qazi Məhiyəddinin səhhəti ilə, eyni zamanda ailənin qayğıları ilə də maraqlanıb. Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb.  

Xatırladaq ki, Məhiyəddin Zeynalov 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması zamanı hərbi xidmətdə olarkən döyüş zamanı ağır yaralanmış və həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub. Məhiyəddinin müalicə aldığı müddətdə ailəsinə baş çəkən icra başçısının tapşırığı ilə əvvəllər tikintisi yarımçıq qalmış 3 otaq, eyvan, mətbəx və sanitar qovşağından ibarət fərdi yaşayış evinin tikintisinin tamamlanması üçün lazım olan vəsait ayrılmış, bundan sonra qazinin evində təmir işlərinə başlanılmış və bütünlükdə ev müasir tələblərə uyğun təmir edilərək ailənin istifadəsinə verilmişdi.