İcra başçısı Yasamal sakinləri ilə görüşdü - Fotolar

icra-bascisi-yasamal-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1670

Yasamal rayonunda növbəti səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Elnur Allahverdiyev vətəndaşları dinləyiblər.

Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin vəzifəli şəxsləri iştirak ediblər.

Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırıb və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verib. Bildirilib ki, 2022-ci il ərzində Yasamal RİH tərəfindən ümumilikdə 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.

Daha sonra söz alan vətəndaşlar qəzalı evlərin taleyi, mənzil növbəsi, rayon üzrə qeydiyyat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial yardım, qurumuş ağacların budanması, Vətən müharibəsi qazilərinin işlə təminatı və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

Üç saata yaxın davam etmiş qəbulda E. Həsənov sakinlərin suallarına ətraflı cavablar verib. Sakinləri narahat edən məsələlərə dair geniş izahat verilib.

Qəbulda sakinləri qayğılandıran problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.