İcra başçısı Yeni Yasamal sakinləri ilə görüşdü - Fotolar

icra-bascisi-yeni-yasamal-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1487

Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Səbinə Xasayeva vətəndaşlarla görüşüblər.

Səyyar qəbul rayonun Yeni Yasamal massivindəki 308 saylı tam orta məktəbin akt zalında baş tutub.

Görüşdə Yasamal rayonunun sakinləri, habelə RİH-nin vəzifəli şəxsləri iştirak ediblər.

Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırıb və ötən il keçirilmiş görüş və qəbullar barədə məlumat verib. Bildirilib ki, 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.

Daha sonra söz alan vətəndaşlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyətlərdə parkinq problemi, fərdi evlərin təmiri, səkilərin kommersiya obyektləri tərəfindən zəbt edilməsi, mənzil təminatı, qəzalı evlər, kommunal ödənişlər üzrə borcların yığılması, şəhid adının əbədiləşdirilməsi, marşrut xətləri ilə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

İki saata yaxın davam etmiş qəbulda E.Həsənov sakinlərin suallarına ətraflı cavablar verib. Bir sıra problemlərin həllinə dair göstərişlər verilib.