İcra başçısından yarımçıq rənglənən ağaclarla bağlı - - Açıqlama

icra-bascisindan-yarimciq-renglenen-agaclarla-bagli-
Oxunma sayı: 5220


İsmayıllı icra başçısı Mirdamət Sadıqov rayonda ağacların gövdəsinin bir hissəsinin rənglənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Mirdamət Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki,  həmin videoda çəkilən ərazi Buynuz kəndinin meşə sahəsidir: “İsmət adlı bir nəfər oranı icarəyə götürüb və özünə sahibkarlıq obyekti yaradır.  Dünən yağış yağdığına görə hamısını rəngləyə bilməyib. Yarımçıq qalıb, müxbir də onu çəkib”. 

Başçı qeyd edib ki, prezidentin həmin ərazidən keçməsi isə gözlənilmir: “Belə bir məlumat bizdə yoxdur. Bu, tamamilə absurd bir şeydir. İndi jurnalist çəkib, amma gərək hər şey obyektiv olsun. Özünü hörmətdən salmasın. Mən bu xəbərləri oxuyanda məyus oldum. Gərək yazı yazılanda ədalətli olsunlar. Əgər İsmayıllıda pis işlər görülübsə, ondan yazsınlar. Mən özüm kənd təsərrüfatı üzrə mütəxəssis olmuşam. Necə belə göstəriş verə bilərəm? Bu, bizə qarşı təxribatdır. Mən İsmayıllıya icra başçısı təyin olmamışdan qabaq rayonun vəziyyəti yaxşı deyildi. İndi isə hər şey yaxşılaşır. Bunu əyani şəkildə də gəlib görə bilərsiniz”.

Başçı eyni zamanda rayona təyinatından sonra gördüyü işlərdən də danışıb. M. Sadıqov qeyd edib ki, rayonda tikiş fabriki açılıb: 

“Orada 60-dan çox qadın çalışır. Bakıxanaov adına tikiş fabrikinin İsmayıllı filialı bütün yeni yapon avadanlıqları ilə təchiz olunub. Yeni açılmış xalça fabrikində isə 70-dən artıq qadın işləyir.  Özü də yaxşı maaş alırlar. Əhəng zavodu işə düşüb, kərpic zavodu isə hazırdır. Orada 110 adam çalışacaq. İsmayıllıda yeni bir velosiped zavodu tikilir ki, bu Azərbaycanda ilk dəfədir ki, həyata keçirilir. Bolqarlarla birgə layihələndirilib. Artıq bünövrəsi də qoyulub.  Dekabrda isə istifadəyə veriləcək. İsmayıllıda həmçinin yeni uşaq kitabxanası yaradılıb, bağça tikilib, istirahət parkı salınıb. Hazırda 44 küçədə asfaltlaşma işi gedir.  

Cənab prezident İsmayıllıya çoxlu vəsait ayırıb. Ayırdığı vəsaitin hamısı asfaltlaşma və abadlıq işlərinə sərf olunub.  İsmayıllı doğrudan da geridə qalan rayonlardan biri idi. Biz çalışırıq ki, burada yeniliklər olsun”.

Günel Türksoy