İcra başçısının müavinin adı dələduzluqda hallanır

icra-bascisinin-muavinin-adi-deleduzluqda-hallanir
Oxunma sayı: 691

Bununla bağlı “Qafqazinfo”ya daxil olan xəbərdə deyilir ki, G.Hüseynovun 2 mərtəbəli, 25 sot həyətyanı sahəsi olan mülkü sənədləri saxtalaşdırılmaqla həyat yoldaşının adına keçirilib. İşdə Gədəbəy sakininə qarşı dələduzluq edənlərə yardımçı olmuş şəxs kimi Gədəbəyin icra başçısının müavini Qüdrət Paşayevin adı hallanır. Bildirilir ki, başçı müavini Bakıda yüksək vəzifədə çalışan general rütbəli qardaşının nüfuzuna arxalanır.

Bir müddət əvvəl G.Hüseynov olayla bağlı mətbuata açıqlama verərək deyib ki, mülkü qanunsuz olaraq saxta sənəd düzəldilməklə ələ keçirilib: “Bu saxtakarlığı başçı müavininin göstərişi ilə ediblər. İstəyirəm ki, prokurorluq bu saxtakarlığa görə cinayət işi başlasın. Mülkümün ələ keçirilməsi ilə bağlı məhkəməyə də müraciət edəcəyəm”.

G.Hüseynov ailəsini dağıdan şəxs haqda müvafiq qurumlara məlumat verdiyini də söylədi: “Bunu hər yerdə qorxmadan, çəkinmədən deyirəm. Mənim ailəmi dağıdan, mənə qarşı bu haqsızlıqları edən Qüdrət Paşayevdir. Həyat yoldaşım ona qoşuldu, ailəm dağıldı, onlar da bu sənədləri düzüb-qoşub mülkümü əlimdən aldılar”.

Gədəbəy sakini üzləşdiyi qanunsuzluqlarla bağlı digər dövlət qurumlarına da müraciət edəcəyini deyib. Bildirib ki, icra başçısı müavininin əməlləri nəticəsində ailəsi dağılmaqla yanaşı, o, həm də evsiz-eşiksiz qalıb: “İmamət Hüseynovadan bir qızım da vardı. Məhkəmədə də, Baş Prokurorluqda da bilirlər ki, bunları edən Qüdrət Paşayevdir”.

Gədəbəydə Q.Paşayevin oğlunun müəmmalı ölümü də müzakirə mövzusudur. Başçı müavinin oğlu Babək Paşayev Bakıdakı cəzaçəkmə müəssisələrindən birində çalışıb və günlərin birində o, naməlum səbəbdən dünyasını dəyişib. Bu işin də prokurorluq orqanları tərəfindən araşdırılmadığı deyilir.