“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmə iclasında şahidlər dindirilib.
On saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı Yeganə Əliyeva ifadəsində bildirib ki, onlara qəza haqda məlumat verilən kimi hadisə yerinə gediblər: “Biz ora çatanda gördüm ki, 3 yaralı var. Əvvəl istədim birini götürəm, sonra o birinin daha ağır olduğunu gördüm. Bizdə də qayda var ki, ilk olaraq ən ağır yaralı götürülür. Onu təcili yardım maşınına qoyub xəstəxanaya apardıq. Hadisə yerində olarkən də ilkin tibbi yardım göstərdim. Ratsiya ilə mərkəzlə əlaqə saxlayıb təxmin etdiyimiz diaqnozu dedik. İlkin diaqnoz açıq kəllə-beyin travması idi. Təxminən 7-8 dəqiqəyə 3 saylı xəstəxaya çatdıq”.
Hadisə nəticəsində vəfat edən Sənan Mirzəyevin atası Maqsud Mirzəyev oğlunun niyə Respublika Neyrocərrahiyyə xəstəxanasına aparılmadığını soruşub.
Y.Əliyeva ittiham tərəfinin sualına cavab olaraq bildirib ki, onların yaralını hansı xəxtəxanaya aparmaq barədə qərar vermək səlahiyyətləri yodur: “Biz yaralıya ilkin diaqnozu qoyuruq, onu ratsiya ilə mərkəzə xəbər veririk. Onlar da hara aparmaq lazım olduğunu deyirlər, biz də aparırıq. Bizə həmin ərazidə ən yaxın xəstəxana Mərdəkandakı idi, amma o çoxprofilli xəstəxana deyil. Ən yaxın çoxprofilli xəstəxana Suraxanıdakı 3 saylı idi. Bizə dedilər ora aparın, biz də apardıq. Saat 18:30-da xəstəxanaya təhvil verdik. Hadisə yerində ağır yaralı olan şəxs özündə deyildi, buna görə danışmaq imkanı da yox idi. O, həyatla ölüm arasında idi. Yaralının gətirildiyi xəstəxanadan imtina etmək hüququ var. Əgər özü ya yaxınları bunu istəyirsə, xəstəxananın “İmtina” kitabçasına bu haqda yazıb imzalayır. Həmin şəxs isə özündə deyildi. Xəstəxanada onun cibindən tələbə bileti çıxdı, onda müəyyən olundu ki, bu şəxs Sənan Mirzəyevdir. Dərhal onu Travmotologiya şöbəsində qaldırdılar. Sonrakı prosesdən bizim məlumatımız olmayıb”.
Növbəti şahid isə hadisə yerinə ilk gələn Yol Patrul Xidmətinin əməkdaşı Aləmşah İsayev olub.
A.İsayev bildirib ki, hadisə barədə Növbətçi Hissədən onlara məlumat verilib və dərhal həmin yerə gediblər: “Biz çatanda orada xeyli adam var idi. Xəsarət alanlardan ikisi uzanılı vəziyyətdə idi, biri isə dəmir arakəsməyə söykənib oturmuş vəziyyətdə idi. Yerdə uzananlardan birinin vəziyyəti çox ağır idi, o tərpənmirdi, danışmırdı. Biri isə qışqırırdı. Dəmirə söykənən isə yaralı deyildi. Biz ora çatandan sonra təcili yardım gəlib ağır yaralını apardı. Sonra ikinci təcili yardım maşını gəldi, yerdə qışqıran yaralını apardı. İkinci maşın gedəndə mən dedim ki, bu biri yaralını da aparın, dəmirə söykənib oturannı. Qəbul etmədilər, dedilər bir maşın 2 yaralı götürə bilməz. Sonra onu mülki maşına qoyub apardılar”.
Bundan sonra A.İsayev hadisə yerində olan şahidlərdən eşitdiyi məlumatlar əsasında qəza barədə danışıb: “Həmin yolda dəmir arakəsmənin sağ tərəfində təxminən 2 metr yer kəsilib. Ordan karyerə torpaq yol var. Yük maşınının sürücüsü də həmin yola dönmək istəyirmiş. Yük maşınları böyük olduğu üçün sağ zolağından dönə bilmir. Buna görə də sol zolaqdan torpaq yola çıxmaq istəyəndə arxadan gələn Mercedes onu arxa sağ təkərdən vurub”.
A.İsayevlə birlikdə hadisə yerinə gedən digər YPX əməkdaşı İlkin Lətifov da oxşar ifadə ilə çıxış edib. O bildirib ki, ilk olaraq təcili yardım maşını ilə ağır yaralı olan Sənan Mirzəyev, sonra Pərvin Fətullayev aparılıb. Ən sonda isə İlham Əsgərli ağ rəngdə “Hundai” markalı avtomobillə aparılıb.
Həmin vaxt hadisə yerinə gələn həkim, həm də gənclərin tanışı olan Rəşad Məmmədzadə ifadəsində bildirib ki, o digər dostları ilə “Şıxov”a gedərkən bu barədə ona məlumat verilib: “Mənə deyiləndən təxminən 20 dəqiqə sonra ora çatdım. İlhama yaxışlaşdım, nə olduğunu soruşdum, o da eyni sualı mənə verdi. Gördüm Pərvin də yerdə yaralıdır. Bizə dedilər daha bir yaralı var idi, onu təcili yardım aparıb. Sonra ambulans gəlib Pərvini də apardı. Biz nə qədər təkid etdiksə, İlhamı Pərvinlə eyni maşına götürmədilər. Mən qabağa gedib dönüb gəlib İlhamı öz maşınımla aparmaq istədim. Mən qayıdanda oradakı adamlardan kimsə öz maşınında İlhamı apardı, mən də onun arxasıyca sürdüm. Yolda İlhamın atası Asif müəllimə xəbər verdim. Mənə dedi İlhamla getmə, o biri yaralının yanına get, nə lazımdısa edin. Biz o xəstənin kim olduğunu bilmirdik. Xəstəxanada bunu öyrəndik. Biz hadisə yerindən İlhamın da, o biri yaralının da telefonunu götürdük. Amma Sənanın telefonu kodda olduğu üçün biz ailəsinə xəbər edə bilmədik. Mən getdim 3 saylı xəstəxanaya, orada icazə alıb Sənanın yanına girdim. Onun vəziyyəti ağır idi, hətta həkimlər dedi ki, yaşamasına ümid yoxdur. İlhamın əmisi və başqa qohumları da o xəstəxanaya gəlmişdi. Mən də, onlar da təkid etdik ki, Sənanı daha yaxşı bir xəstəxanaya köçürək. Amma həkimlər buna icazə vermədi, çünki onun vəziyyəti buna imkan vermirdi. Mən özüm həkiməm, əgər Sənanı təcili yardım aparmadan öncə hadisə yerinə çatsaydım, şəxsi əlaqələrimdən istifadə edib onu Neyrocərrahiyyə xəstəxanasına göndərtdirərdim”.
Məhkəmənın növbəti iclası aprelin 24 saat 14-ə təyin olunub.
Murad Əhməd