İcra başçısının təcavüz qalmaqalı

icra-bascisinin-tecavuz-qalmaqali-
Oxunma sayı: 647

Zərdab Rayon İcra başçısı Lütfəli Babayevlə onu təcavüzdə ittiham edən Şəfəq Səfərəliyevanın növbəti məhkəmə prosesi noyabrın 30-da keçiriləcək. “Qafqazinfo”nun AzNews.az - a istinadən xəbər verir ki, bu barədə məlumatı Şəfəq Səfərəliyevanın özü verib.

Bundan əvvəlki məhkəmə prosesinə polis nəzarətində gətirildiyini deyən Ş.Səfərəliyeva onu Zərdabdan Bakıya qədər polis əməkdaşlarının müşayiət etdiyini vurğulayıb: “Noyabrın 12-də Konstitusiya günü ilə bağlı rayonda işlədiyim idarədə tədbir keçirilirdi və mən də o tədbirdə iştirak edirdim. Həm də çıxış etməliydim. Rayon polis şöbəsinin əməkdaşları içəri girib məni aparmalı olduqlarını dedilər. Çöldə isə əlində dəyənək olan 30-a yaxın polis əməkdaşı dayanmışdı. Bir qadına qarşı belə hərəkət nə dərəcədə doğrudur? Lütvəli Abdullayevin vəkili məhkəmədə mənə bildirdi ki, “sən yüksək rütbəli məmurlardan birinin adamına “ilişmisən”. Guya L.Abdullayevi bu şəxs müdafiə edir. Amma mənim itirəcəyim heç nə yoxdur. Sadəcə övladlarımı itirmək istəmirəm”.

Ş.Səfərəliyeva növbəti məhkəmə prosesindən əvvəl Bakıda rayondan gələcək ağsaqqalların iştirakı ilə mətbuat konfransı keçirəcəyini də vurğulayıb.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl mətbuatda Zərdabın icra hakimi L.Babayevin 50 yaşlı Ş.Səfərəliyevaya təcavüz etməsi ilə bağlı məlumatlar yayılmışdı. Ş.Səfərəliyeva icra başçısını əxlaqla bir araya sığmayan əməllərdə ittiham etmişdi. Bundan sonra Lütfəli Babayev məhkəməyə müraciət edib. İcra başçısının Şəfəq Səfərəliyevaya qarşı barəsində xüsusi ittiham qaydasında şikayətinə Yasamal rayon məhkəməsində baxılır.