İcra Hakimiyyəti 13 uşaq atasına cavab verdi

icra-hakimiyyeti-13-usaq-atasina-cavab-verdi
Oxunma sayı: 4255


Bir neçə müddətdir aclıq elan edən Sabunçu rayon Bakıxanov qəsəbəsi sakini Həsən Camalovun Sabunçu rayon İcra Hakimiyyətinə qarşı ittihamlarına cavab verilib. 

Sabunçu Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki,  9 nəfər ailə tərkibi ilə (2 arvadı, 4 uşağı və özü) 23.04.2013-cü ildən S.Mehmandarov küçəsi 26/1 saylı ünvanda yerləşən Aslanlı Ramil Zakir oğluna məxsus olan fərdi yaşayış evinə pasport qeydiyyatına düşüb. Qalan 8 nəfər ailə tərkibi isə (2 arvadı və 6 uşağı) Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi, ev 22 a saylı ünvanında qeydiyyatdadırlar. Açıqlamada deyilir:

“Məlumat üçün bildiririk ki,  S.Mehmandarov küçəsi 26/1 saylı ünvanda yerləşən həmin fərdi yaşayış evi S.Mehmandarov küçəsi 26 saylı ünvanda yerləşən və keçən əsrin əvvəllərində inşa olunmuş qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasının həyətyanı  sahəsində tikilib. Sonradan Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona çıxarış verilməsi barədə   qətnamə qəbul edilib.

Həsən Camalovun həmin ünvana qeydiyyata düşməkdə məqsədi  orada mənzil tikintisi aparan “Bərgüşad-Ş” MMC-dən küllü miqdarda pul almaq arzusu olub. Məhz buna görə də, o dostu  Aslanlı Ramil Zakir oğlu ilə razılığa gələrək  böyük sayda ailə tərkibi ilə onun evinə pasport  qeydiyyatına düşüb.

Nəzərinizə çatdırırıq ki, həmin fərdi yaşayış evinin sökülməsi ilə bağlı hec bir qurum tərəfindən məsələ qaldırılmayıb

Bu  Həsən Camalovun şəxsi istəyidir ki, ev sökülsün və onun müqabilində dostu ilə birgə böyük məbləğdə pul qazansınlar.

Bütün bunlara baxmayaraq “Bərgüşad-Ş” MMC-nin rəhbərliyi H.Camalovun əsassız da olsa belə narazılığını nəzərə alıb, ona inşa edilmiş binada:

1.  321 kv.m tam təmir olunmuş mənzil sahəsi,

2. yaxud yaşayış evinin ölçülərinə tam uyğun olaraq təmirli həyət evinin tikib verməsini,

3.  və ya 370 min manat dəyərində kompensasiya ödənilməsini, ( hər kv.m sahəyə 1150 manat  ödənilməklə) təkliflər edilib

Lakin, o bu təkliflərin heç biri ilə razılaşmamış və daha böyük məbləğdə pul verilməsini tələb edir.

Əks təqdirdə ailəsi ilə birgə aclıq aksiyası keçirəcəyi və ya ailə üzvlərindən birinə qəsd edəcəyi ilə “Bərgüşad-Ş” MMC-ni və Rayon İcra Hakimiyyətini  hədələyir”.