İcra hakimiyyətində hesabat yığıncağı

icra-hakimiyyetinde-hesabat-yigincagi
Oxunma sayı: 1567


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayon İcra hakimiyyəti başçısının müavini Elnur Qurbanov qeyd edib ki, ötən rübün yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 128 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 4,5 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına təxminən 30 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 20,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 164 min ton xam neft və 374 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 357,5 min ton sement istehsal edilib. Hesabat rübündə nəqliyyat sektorunda 4,5 milyon manatlıq xidmətlər göstərilib. Rabitə xidmətlərinin həcmi 543 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 543,4 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 25,6 milyon manat olub. Rayonda orta aylıq əmək haqqı 784 manata, sənayedə çalışanların əmək haqqı isə 1160 manata çatıb. Hesabat dövrü ərzində Dövlət Proqramına əsasən Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi uşaq bağçasının inşası, Sahil qəsəbəsindəki “Nağıl” uşaq bağçasının əsaslı təmiri başa çatıb. Hər iki müəssisə tam hazır vəziyyətdədir. Lökbatan qəsəbəsindəki “Sevinc” və “Bülbül”, Sahil qəsəbəsindəki “Aynur” körpələr evi - uşaq bağçalarının əsaslı təmiri, Ələt qəsəbəsindəki 300 nömrəli körpələr evi - uşaq bağçasının inşası başa çatdırılmış və istifadəyə verilmişdir. Müşfiqabad qəsəbəsindəki 274 nömrəli orta məktəb üçün əlavə tədris korpusunun tikintisi başa çatmış və istifadəyə tam hazır vəziyyətdədir. Hazırda Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın, Ümid qəsəbəsindəki 294 nömrəli tam orta məktəb üçün əlavə tədris korpusunun tikintisi davam etdirilir. 

Eyni zamanda Lökbatan qəsəbəsindəki Daşqın Bəkirov və Vüqar Əsədov adına, Sahil qəsəbəsindəki 301 nömrəli və Bəxtiyar Əliyev adına körpələr evi uşaq bağçalarının əsaslı təmir işləri davam etdirilir.