İcra Hakimiyyətini məhkəməyə verdi, təzyiq başladı

icra-hakimiyyetini-mehkemeye-verdi-tezyiq-basladi
Oxunma sayı: 2049


“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Süleymanov "Bizim Yol"a göndərdiyi videomüraciətində məlumat verir: "Mən Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verəndən sonra mənə qarşı təzyiqlər başladı. İcra hakimiyyətinin nümayəndəsi Seyfəddin İbrahimov işlədiyim teatra gələrək mənim işdən çıxarılmağım məsələsini qaldırmaq istəyib. Ancaq öz məqsədlərinə çata bilmədilər".

Bundan sonra icra başçısının müavini onu danışığa çağırıb: "Ağacları qoruyan hansısa komissiyanın yarandığını bildirərək mənim də həmin komissiyaya qoşulmağımı təklif etdi. Mənim cavabım isə qısa və konkret oldu. Ona dedim ki, artıq gecdir. Mənim artıq ilk videomüraciətim yayılıb və mən məhkəməyə müraciət etmişəm. Gərək bu komissiyanı mən bunları etməmişdən öncə yaradardınız. Neçə vaxtdır ki, Sumqayıtın müxtəlif yerlərində ağaclar məhv edilir, ancaq heç bir tədbir görülmür. Bir sözlə hər bir şəxs səlahiyyətindən və vəzifəsindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir". 

Sumqayıt sakini deyib ki, bu görüşdən sonra da ona qarşı təzyiqlər davam edib: "İcra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt Şəhər Dövlət İdarəsinin vasitəsilə mənə qarşı iyrənc addımlar atır. Belə ki, mənə idarədən göndəriş gəlib. Bu sənəddə mənim ruhi xəstə kimi tanınaraq psixi dispanserə yatırılmağıma çağırış edilib. İcra hakimiyyəti öz qanunsuzluğunu gizlətmək və mənə təzyiq göstərmək üçün biabırçı addımlara əl atırlar. Mən əvvəldən bilirdim ki, Sumqayıt icra hakimiyyətini məhkəməyə verirəmsə, mənə qarşı təzyiqlər olacaq. Ancaq bu onlara qarşı işləyəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sumqayıt Şəhər Dövlət İdarəsinin rəisi Natiq Qarayev və oranın baş həkimi Eldar İsgəndərov məhkəmədə cavab verməli olacaqlar. Artıq bu iş məhkəmədədir".

Anar Süleymanov bildirir ki, ağacların qanunsuz kəsilməsi ilə yanaşı SŞİH-ə qarşı ikinci bir məhkəmə iddiası qaldırıb: "Bu dəfə icra başçısının yanında inzibati komissiyanı məhkəməyə vermişəm. Səbəb də bu komissiya tərəfindən "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunun kobud şəkildə pozulmasıdır. Mən 6 ay bundan öncə komissiyaya müraciət etmişdim. Cavab verilmədi. Yenə müraciət etdim, yenə müraciətim cavabsız qaldı. İcra başçısının müavini ilə görüşdə mən komissiyanın müraciətlərə cavab verməməsi məsələsini qaldırdım. Müraciətim yenə cavabsız qaldı. Görünən odur ki, şəhər icra hakimiyyətinin bu qanunsuzluqlardan xəbəri var". 

Şikayətçi videomüraciətdə Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edərək, sözügedən məsələ ilə bağlı tədbir görülməsini xahiş edib: "Vurğulayım ki, bu dövlət qurumlarına etdiyim ilk müraciətim də nəticəsiz qalmayıb. Hazırda Sumqayıtda ağacların qırılması prosesi dayandırılıb. Hüquq-mühafizə orqanlarının ciddi nəzarəti var".