İctimai Palatadan 4 bəyanat

ictimai-palatadan-4-beyanat
Oxunma sayı: 667

İctimai Palata bəyanatında iddia edir ki, hakim real faktlara əsasən yox, aldığı siyasi sifarişə görə qərar çıxarıb: “İctimai Palata bu halı ölkədə qanunların aliliyinə əməl olunmaması, hüquq-mühafizə orqanlarının və məhkəmələrin sifarişlər əsasında qərarlar verilməsi, ölkənin imicinə sayğısızlıq kimi qiymətləndirir və iqtidardan ölkə qanunlarına və imzaladığı beynəlxalq Konvensiyaların tələblərinə əməl etməyi tələb edir.”

İctimai Palata Azərbaycan hakimiyyətindən başlanılan siyasi oyunlara son qoymağı, günahsız olduqları halda həbsdə saxlanılan mitinq iştirakçılarını – vicdan məhbuslarını qeyri-şərtsiz, dərhal azad etməyi tələb edir.

İctimai Palata mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “2009-2011-ci illərdə Bakı şəhərinin Füzuli, Şəmsi Bədəlbəyli, Topçubaşov və Rəsul Rza küçələrində, Xutor, Bayıl, Bibiheybət, Biləcəri, Sulutəpə və s. ərazilərdə yaşayan vətəndaşlar onlara mülkiyyət hüququ əsasında aid olan yaşayış evlərindən zorla çıxarılıblar.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun birbaşa rəhbərliyi ilə son 2 il ərzində paytaxtın mərkəzində 400-ə yaxın çoxmənzilli ev sökülüb, 20 mindən çox insan öz mülkündən məhrum olub. Qış Bulvarı adlı, əslində olmayan bir layihə bayraq edilərək XIX əsrin sonu XX əsrin əvvəlinin bir çox unikal tarixi memarlıq abidələri məhv edilib. H.Abutalıbovun sərəncamlarında direktiv yolla Qış Bulvarı ərazisində olan bütün evlərə vahid qiymət qoyulub – bu isə açıq-aşkar hüquqi özbaşınalıq, Konstitusiyanın, Mülki Məcəllənin, Mənzil Məcəlləsinin və başqa qanunların bir çox müddəalarının pozuntusudur”.

Qeyd olunana halları nəzərə alaraq İctimai Palata aşağıdakıları tələb edir:
- vətəndaşların konstitusion hüquqları qeyd-şərtsiz təmin edilsin və Konstitusiyanın 13-cü və 28-ci maddələrinin, Mülki və Mənzil Məcəllələrinin müddəalarının pozulmasına yönəlmiş bütün hərəkətlər dayandırılsın;
- bütün zərəçəkmişlərin mülkiyyət hüquqları bərpa edilsin, onların dövlət orqanları tərəfindən dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı olan qanuni tələbləri təmin edilsin;
- mülkiyyətin və memarlıq abidələrinin məqsədli şəkildə dağıdılması, qanunsuz həbslər və saxlanılmalar, mənzil toxunulmazlığının pozulması, qeyri-insani rəftar faktları ilə əlaqədar cinayət işləri açılsın;
- baş vermiş qanunsuzluqlarda günahkar olanlar və ilk növbədə özbaşınalığı ört-basdır edən hakimiyyət orqanları rəhbərləri məsuliyyətə cəlb edilsin;
- qeyri-qanuni müsadirə və köçürülmələrdən zərərçəkmişlərə dəymiş ziyanının kompensasiyası üçün müəyyən olunmuş maliyyə vəsaitinin paylanmasında iştirak etmiş vəzifəli şəxslər tərəfindən dələduzluq, dövlət vəsaitinin talanması və korrupsiya halları ilə bağlı hərtərəfli istintaq aparılsın.





İctimai Palata Bayıl yamacında sürüşmə ilə bağlı bəynat yayıb. “Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “İctimai Palata Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı dərin narahatçılığını bildirərək, bunun ümummilli faciəyə səbəb ola biləcəyi barədə hakimiyyət nümayəndələrinə xəbərdarlıq edir. İctimai Palata gözlənilən təhlükə ilə bağlı vətəndaşların narahatçılığını ifadə edərək ölkə ictimaiyyətini yaranmış vəziyyətlə əlaqədar müzakirələrə çağırır.
İctimai Palata baş verəcək faciəyə görə bütün məsuliyyətin ölkə rəhbərliyi üzərində olduğunu qeyd edərək, hakimiyyəti sürüşmə zonasında tikintinin təcili dayandırılması barədə qərar verməyə çağırır.
İctimai Palata ölkənin müstəqil elmi ictimaiyyətinin bu məsələ ilə əlaqədar konfrans keçirməsini tövsiyə edir.
İctimai Palata olaraq xüsusi qeyd edir ki, hadisələrin bu cür inkişafı yalnız antidemokratik rejimlərdə, ictimaiyyətlə siyasi sistem arasında qarşılıqlı əlaqə və ictimai nəzarət olmayan cəmiyyətlərdə mümkündür”.



İctimai Palata Vəkillər Kollefiyasının qərarı ilə Xalid Bağırovun vəkillik fəaliyyətinin bir illlik dayandırılması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “İctimai Palata Kollegiyanın bu hərəkətini ölkədə vəkillik institutunun birdəfəlik ləğv edilməsi, onsuz da mövcud olmayan məhkəmə sisteminin bir hakimiyyət qolu kimi tamamilə sıradan çıxarılmasına yönəlmiş siyasəti kimi qiymətləndirir və qətiyyətlə pisləyir. İctimai Palata vəkil Xalid Bağırovun pozulmuş hüquqlarının dərhal bərpa edilməsi və onun haqqında çıxarılmış saxta qərarın dərhal ləğv edilməsini tələb edir”.

Bəyanatda o da vurğulanıb ki, avqustun 27-də Nəsimi rayon məhkəməsində Şahin Abdullayevin sədrliyi ilə Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Elnur Məcidlinin məhkəmə prosesində hakim vəkil Elçin Namazova qarşı vəkillik etikasını pozdğuna görə cinayət işinin açılması, işin prokurorluğa göndərilməsi haqqında qərar qəbul edib. İctimai Palata hakim Şahin Abdullayevin vəkil Elçin Namazova qarşı çıxardığı qərarı qətiyyətlə pisləyir, bu qərarın qeyd-şərtsiz, dərhal ləğv edilməsini tələb edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun bu səviyyədə aşağılanmasının yolverilməz olduğunu bəyan edir.

Fatimə Kərimli