İdman geyimində toya gələn qonaq

idman-geyiminde-toya-gelen-qonaq
Oxunma sayı: 2434


Unutduğum bir mətnə remeyk

Buna bənzər bir əhvalatı hardasa oxumuşdum, çox düşündüm, heç cür yadıma sala bilmədim. Bəlkə də nə vaxtsa beynimdə belə bir şeyi uydurmuşam, indi mənə elə gəlir ki, hansısa kitabdan beynimdə ilişib qalıb. 

Mənim toyumda kəndin ağır cayılları, məhlə uşaqları bir masada əyləşmişdilər, yazar dostlarım isə ayrı masalarda yığışmışdılar. Gələcək xanımım universitetdə çalışdığından qız tərəfin adamlarının böyük əksəriyyəti elm adamları idilər. Kənd uşaqları “Bakılı balasıyam” mahnısını sifariş verib oynamağa başlayanda xanımım qulağıma pıçıldadı:

-O əl-qol ata-ata oynayana bax, sən Allah. Nə ədəbsiz adamdır, damağında da siqaret. Toya da başmaqla gələrlər? Lap Ostap Benderin başmaqlarına oxşayır. Köynəyi də şalvarın üstünə salıb. Özü də ayaq üstə tökülür. Özü də piyandı deyəsən. Sən canın, bu avara kimdir?

Pərt olsam da üzə vurmadım. Dedim ki, məhlə uşağıdır, kəndovoy geyinib də. Fikir vermə. 

-Ayıbdı e, sən bu qədeşbalaları hardan tapmısan? Bunlar sənin tay-tuşundu? Sən ziyalı adamsan, deməzlər ki, bunun oturub-durduğu adamlara bax, hamısı avaralardır? 

Çevrilib tərs-tərs üzünə baxdım. Daha dinmədi. 

Bir müddət keçəndən sonra növbə yazar dostlara çatdı. Yenə gələcək xanımın məni dümsüklədi:

-Arıq, uzun oğlan kimdi? Bu viddə toya gələrlər? Biabırçılıqdı e, üzünü də tük basıb, cins şalvar, krassovka, üstü yazılı köynək geyib, elə bil toya yox, bara gəlib. Sən canın, kimdi bu?

-Şairdi. İstedadlı oğlandı. Sənə nolub e, hamının geyiminə mız qoyursan, -deyə mızıldandım. İndiki cavanlar belə geyinir də. 

Gələcək xanımım saqqallı gənc şairin oxuduğu şeiri də bəyənmədi:

-Toyda belə şeir oxuyarlar? Nə demək istəyir bu, heç nə başa düşmədim.

-Sərbəst şeirdi də. Tamadanın dediyi əttökən şeirlərdən min dəfə yaxşı şeirdi.

-Bəsdi, sən Allah! Bura Yazıçılar Birliyinin Natavan klubu deyil, toyda belə şeir oxumurlar.

-Natavan klubunu hardan tanıyırsan?

-Bir padruqamın şeir kitabının təqdimatı orda olmuşdu, məni də dəvət etmişdi. Onda getmişdim. 

Gic gülmək tutdu məni. Bunlar postmodernistlərdir, dedim.

-Nədilər?

-Əşi neynirsən? Ədəbi cərəyandı.

Üz-gözünü turşutdu. Daha dinmədim. 

Yazar dostum şeirini bitirib musiqiçilərə “Yallı” sifariş verdi. Geniş bir dairə əmələ gəldi. Bu dairədə kənd cayıllarıyla şair dostlarım, qız tərəfin alim qonaqları əl-ələ tutub bir yerdə dövrə vururdu. Yazar dostum özü də bilmədən müxtəlif təbəqənin adamlarını bir araya gətirmişdi. Gələcək xanımımın “qədeşbala” dediyi məhlə uşağı dəstənin başında əlindəki yaylığı şövqlə yelləyirdi və ayağını “Yallı”nın ritminə uyğun yelləyirdi...