“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, Azərbaycan cüdoçuları iyulun 28-də Tbilisi Cüdo Akademiyasında keçirilən yarışlarda biri qızıl olmaqla, üç medal qazanıblar.
Qızlar arasında 40 kiloqram çəki dərəcəsində mundiala çıxan yeniyetmə cüdoçumuz Şəfəq Həmidova keçirdiyi 3 görüşün hamısını qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda Rusiya idmançısı Anastasiya Kuterina üzərində inamlı qələbə qazanan Ş.Həmidova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, XIII Avropa Gənclər Olimpiya Festivalında cüdoçular arasında qızıl medal qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.
Ş.Həmidovanın Azərbaycanın dövlət bayrağını başı üzərinə qaldırması digər idmançılarımızı da qələbəyə ruhlandırıb.
Digər cüdoçumuz Kəramət Hüseynov da mübarizəyə uğurla başlayıb. O, 55 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək finala qədər yüksəlib. Finalda K.Hüseynov Moldovadan olan idmançı İon Mitayevə uduzaraq gümüş medala sahib olub.
Bu gün cüdoçular arasında mübarizə aparan digər yeniyetmə idmançımız milli komandamızın üzvü İbrahim Bayramlı olub. 50 kiloqram çəki dərəcəsində mundiala çıxan idmançının ilk çıxışı uğurlu alınmasa da təsəlliverici görüşdə o, səylərini daha da artırıb və festivalın bürünc medalını qazanıb.
İyulun 29-da Azərbaycan yeniyetmələri cüdo və idmanın digər növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.
Son xəbərlər
Son Xəbərlər