İƏT nümayəndə heyəti Ağdamdadır - Fotolar

iet-numayende-heyeti-agdamdadir
Oxunma sayı: 1059

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 5 nəfərdən ibarət nümayəndə heyətinin Ağdama səfəri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti ilk olaraq Ağdam şəhərinə, daha sonra Tərtərə, sonda isə Gəncənin Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərinə (Qələbə parkı) baş çəkəcək.

İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətinə sədr Saeed Mohamed Abdulla Omair Alghfeli, sədrin müavini Açıkgül Hacı Ali, Komissiya katibliyinin direktoru Javed Saqlain, Komissiya katibliyinin icraçı direktoru Butt Marghoob Saleem daxildir.

***

Ombudsman Aparatından verilən məlumata görə, nümayəndə heyəti Ağdamda Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirir. Pənahəli xanın məqbərəsi, Ağdam Cümə və Qiyaslı məscidləri, eyni zamanda şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərin yerində monitorinqi aparılır.

Qonaqlar Ağdamda işğal dövründə minalanmış ərazilərə baxış keçiriblər. Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı nümayəndə heyətinə mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlıqlarına yaratdığı ciddi təhlükə, eyni zamanda mina qurbanları ilə bağlı ətraflı məlumat verib.

Tural Hüseynli