İƏT nümayəndələri Qarabağ səfərindən danışdılar

İƏT nümayəndələri Qarabağ səfərindən danışdılar
Oxunma sayı: 659

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nümayəndələri bu barədə danışıblar. “Qafqazinfo” xəbər verir ki, onlar ölkəmizin Vətən müharibəsində qazandığı qələbəni İslamın qələbəsi də adlandırıblar.

Bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Türkiyə Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mehmet Metin Eker bildirib ki, bu torpaqların qorunması bütün İslam dünyası üçün ortaq vəzifə olmalıdır: “Qarabağ torpaqları işğaldan azad edilib. İşğaldan azad olunan bölgələrdə bu gün azan sədaları ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda, İslam dünyasının bir parçasıdır. Qarşımızda böyük işlər var. Əminik ki, Azərbaycan dövləti bu vəzifələrin öhdəsindən uğurla gələcək. İslam Əməkdaşlıq Təşkilatı bütün bu fəaliyyətlərdə Azərbaycan dövlətinin və xalqının yanında olacaq”.

Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama Azərbaycana dəstəyin daim davam edəcəyini açıqlayıb: “Ağdama səfərimiz zamanı şəhərin tamamilə dağıdıldığının şahidi olduq. Gəncədə isə müxtəlif raket atəşləri nəticəsində şəhərə dəymiş ziyanı öz gözlərimizlə gördük. İƏT olaraq işğaldan azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün Azərbaycan dövlətinə dəstəyimizi davam etdirəcəyik. Bildiyimiz kimi, İslam sülh dinidir. Bu baxımdan, biz dünyada sülhün bərqərar olması üçün əlimizdən gələni əsirgəməməliyik. Biz dünyada sülhün, barışın tərəfdarı olduğumuzu bir daha bəyan edirik”.

İƏT-in baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo Azərbaycanın haqlı mövqeyindən söz açıb: “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim müdafiə edib. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda, Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. İşğaldan azad olunan ərazilərə səfərimiz zamanı erməni vandalizminin şahidi olduq. Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərlidir. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qarabağ işğaldan azad edilib və o bölgələrdə Azərbaycan hökuməti yenidənqurma işləri aparacaq, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıda biləcəklər”.