İğdırda 20 Yanvar şəhidləri anıldı - Fotolar

igdirda-20-yanvar-sehidleri-anildi
Oxunma sayı: 834

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə Kültür və Türizm Müdirliyinin konfrans zalında baş tutan tədbirdə İğdır valisi Hüseyin Engin Sarıibrahim, Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin birinci müavini Valeh Hacıyev, baş prokuror Serkan Başaran, Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.

Tədbiri giriş sözü ilə açan İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, 20 Yanvar ürəyindən və biləyindən başqa silahı olmayan, azadlığa susamış qəhrəman bir millətin müstəqillik mücadiləsi olub.

DİDK sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 32 il öncə xalqımız dünyaya bir daha müstəqillik və azadlıq uğrunda savaşdığını nümayiş etdirib: “20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş həm bir faciə, həm soyqırımı, həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri idi”.